ABŞ-da taksi sürücüsü avtomobilində unudulan 300 min dolları sahibinə qaytarıb

ABŞ-da taksi sürücüsü avtomobilində unudulan 300 min dolları sahibinə qaytarıb
# 26 dekabr 2013 10:54 (UTC +04:00)

Bakı – APA. Las-Veqasda 13 illik iş təcrübəsinə malik taksi sürücüsü Ceraldo Qamboa avtomobilinin arxa oturacağında 300 min dollar tapıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, pulları tapan Qamboa dərhal dispetçer xidməti ilə əlaqə saxlayıb və çalışdığı nəqliyyat şirkətinin ofisinə gedərək pulları təhvil verib.

Bir neçə saatdan sonra isə polis 300 min dolların sahibi tapıb. Pulları taksidə unudan naməlum kişinin Las-Veqasa kazinoda oynamaq üçün gəldiyi məlum olub. Şəxsiyyəti təsdiq olunan kimi, pullar qanuni sahibinə qaytarılıb. Pul bağlamasını itirən şəxs taksi sürücüsünə heç bir bəxşiş etməyib.

Öz növbəsində, Qamboa bildirib ki, onun heç bir mükafata ehtiyacı yoxdur. Bununla belə, sürücü müdiriyyətdən minnətdarlıq və iki nəfərlik şam yeməyi üçün 1000 dollar məbləğində sertifikatla mükafatlandırılıb.

Xatırladaq ki, 2012-ci ildə Sinqapurda taksi sürücüsü avtomobilində unudulan 1 milyon Sinqapur dollarını sahibinə qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR