Anar Məmmədlinin vəsatəti təmin edilməyib

Anar Məmmədlinin vəsatəti təmin edilməyib
# 01 aprel 2014 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədlinin ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, vəsatət təmin edilməyib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin A.Məmmədli barədə yaydığı məlumata görə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 213.2.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

İş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, zəruri ekspertizalar təyin edilməklə məhkəmənin müvafiq qərarı ilə qeyd edilən qurumlarda mühasibat uçotunun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin, sair daxilolmaların təyinatının qanuniliyinin müəyyənləşdirilməsi məqsədilə həmin nazirliklərin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri cəlb edilməklə yoxlama təşkil edilib.

İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanan sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276 010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib.

Bundan sonra, Bəşir Süleymanlının “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163 250 ABŞ dolları onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109 529 manat məbləğində gəlir əldə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19 535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur.

Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

A. Məmmədli barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR