Bakı Ali Neft Məktəbində “Bakı Qış Neft Məktəbi” adlı layihə həyata keçiriləcək

 Bakı Ali Neft Məktəbində “Bakı Qış Neft Məktəbi” adlı layihə həyata keçiriləcək
# 28 dekabr 2013 08:04 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbinin (BANM) “Bakı Qış Neft Məktəbi” layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” proqramı çərçivəsində həyata keçirdiyi tenderi qazanıb.

BANM-in İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, layihəyə əsasən müsabiqəni uğurla keçən Almaniyanın müxtəlif universitetlərində təhsil alan Alman tələbələr 03-15.03.2014-cü il tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək qış məktəbində iştirak edə bilərlər.

Qış məktəbində iştirak etmək üçün namizədlər birbaşa təşkilatçılara müraciət edəcək və təşkilatçıların rəyi nəticəsində iştirakı müəyyənləşdirilən tələbələrin xərcləri DAAD tərəfindən ödəniləcəkdir. Qış məktəbində azərbaycanlı tələbələr də iştirak edə bilərlər.

İştirak etmək istəyən azərbaycanlı tələbələr Bakı Ali Neft Məktəbinin təqaüd proqramına müraciət edəcək və seçildikləri təqdirdə qış məktəbində təhsil ala biləcəklər. “Bakı Qış Neft Məktəbi” proqramı çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, eyni zamanda Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan bölgələrimizə səyahət edəcək, muzeylərimizlə və görməli yerlərlə tanış olacaqlar.

Layihə çərçivəsində tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün neft buruqları, tarixi neft daşları, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərlə də tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR