Zərifə Məhəddinova: “AXCP-də Asəf Quliyevi dəstəkləməyimdən narahat olan insanlar vardı”

Zərifə Məhəddinova: “AXCP-də Asəf Quliyevi dəstəkləməyimdən narahat olan insanlar vardı”
# 18 fevral 2014 10:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “AXCP-də Asəf Quliyevlə dostluğumun əleyhinə olan adamlar çox idi. Asəf Quliyev istefa verəndən sonra da mənə qarşı tələblər qoyuldu ki, artıq o, partiyadan gedib, onunla əlaqə saxlamayım, uzaq durum. Mən isə demişəm ki, mən dostlarımı özüm seçirəm, bunun partiya məsələsinə qəti aidiyyəti yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin keçmiş müşaviri Zərifə Məhəddinova vəzifəsindən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Asəf Quliyevlə fikrilərinin, əqidə yaxınlığının üst-üstə düşməsi partiyada kimlərisə qıcıqlandırıb: “Əli Kərimlinin xəbəri olmadan, AXCP-də Asəf Quliyevi dəstəkləməyimdən narahat olan insanlar vardı və onlar öz iradlarını mənə bildirmişdilər. Mən isə təzyiq sevmirəm”.

Z.Məhəddinova deyib ki, müşavirlikdən uzaqlaşdırılsa da, partiyadan istefa vermək fikri yoxdur. Onun sözlərinə görə, Azərbaycanda heç bir partiyada tam demokratik vəziyyət yoxdur. O, təmsil olunduğu təşkilatdan istefa verənlərə damğa vurulduğunu xatırladıb: “Məni partiyada saxlamaq istəyərlərmi, imkan verərlərmi, artıq bunu partiyanın öz vicdanına buraxıram. Cəmiyyət insanların qorxmadan öz fikrini deyib, istefa verərək təmsil olunduğu təşkilatdan getməsi üçün məqbul bir zəmində deyil. Çünki istefa verənlərin hansı damğalarla yükləndiyinin şahidi oluruq. Mən bilirəm ki, təmsil olunduğu yerdən istefa verən adamı hansı damğalar gözləyir. Eyni zamanda bu gün Azərbaycanda hansısa siyasi partiya axtarışında deyiləm. Fikrimcə, Azərbaycanda olan partiyalar hamısı eyni vəziyyətdədir. Yəni tam demokratik ruh heç bir partiyada yoxdur. Buna görə də düşünmürəm ki, AXCP-dən istefa verdikdən sonra hansısa partiyada öz fəaliyyətimi davam etdirə bilərəm”.

AXCP-nin sabiq funksioneri qeyd edib ki, partiyada razılaşmadığı məqamlar olub: “Bütün partiyalarda kənarlaşdırılma yalnız bir məqamın üzərində dayana bilər. Demək ki, orda mənimlə müəyyən bir şəxslərin uzlaşmadığı məqamlar olub. Yazırlar ki, guya Əli Kərimli məni tələsik uzaqlaşdırıb. Amma belə deyil. Əli Kərimli ilə aramızda uzun müddət söhbətlər olub. Bir-birimizə qarşı müəyyən sual-cavablarımız olub. Yəni biz ikilikdə suallarımıza uyğun gizli bir məqam qoymamışdıq. Sadəcə, o, seçimini belə etdi. Bilirsiniz ki, hər bir partiyanın sözçüləri, verilən hər bir qərara təsir etmək imkanında olan adamları var. Hər bir partiyada müəyyən məqamlarla razılaşmayan insanlar olur, amma bunu ifadə etməyə hamının cəsarəti çatmır. Mənim partiyada narazı olduğum məqamlara Əli Kərimli də etiraz etmirdi. Mən müşavir vəzifəsinə təyin olunanda elə böyük sevinc hissi yaşamamışdım ki, azad olunanda da buna üzülüm. Mənim üçün bunlar xırda məsələlərdir”.

Z.Məhəddinova müşavirlikdən kənarlaşdırılmasına AXCP sədrinin keçmiş müavini, “Xalq arzusu” hərəkatının sədri Asəf Quliyevlə münasibətlərinin səbəb olduğu barədə yayılan məlumatlara da aydınlıq gətirib. O qeyd edib ki, A.Quliyevlə bu gün də dost münasibətləri davam edir və bir çox məsələlərdə fikirləri üst-üstə düşür: “Mənim Asəf Quliyevlə münasibətim necə var idisə, həmin qaydada da davam edir. Yəni biz dostuq, qonşuyuq. Mənim onun mübarizəsinə həmişə böyük hörmətim və rəğbətim olub. Asəf Quliyevi də həqiqətən demokratik prinsipləri özündə cəmləşdirən bir insan kimi qəbul etmişəm. Sözünü deyən, sözünün üstündə duran, nala-mıxa vurmayan bir adam kimi tanımışam. Yayılan informasiyalar mənə gəlib çatır. Bəziləri elə Asəf Quliyevin də mənim güdazıma getdiyimi düşünür. Bunlar hamısı ehtimallarını həqiqət kimi qələmə vermək istəyənlərin fikridir”.

Z.Məhəddinova deyib ki, A.Quliyevin rəhbərlik etdiyi hərəkatda təmsil olunmaq fikrində deyil. Onun sözlərinə görə, AXCP-dən minlərlə insan “Xalq arzusu” hərəkatına qoşulmaq üçün müraciət edib, A.Quliyev isə qəbul etməyib: “O bu təşkilatı tam yeni adamlardan qurmaq istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR