Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları 5 il müddətinə vergidən azad olunacaq

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları 5 il müddətinə vergidən azad olunacaq
# 29 oktyabr 2013 08:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

APA-nın məlumatına görə, layihə barədə komitə sədri Eldar İbrahimov məlumat verib.

Layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarından 1-dən başlayaraq 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi və fiziki şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Maddənin mövcud variantında bu, “2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə” kimi qeyd olunub. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR