Bakıda "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunan beynəlxalq konfrans keçirilir

Bakıda "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunan beynəlxalq konfrans keçirilir
# 21 noyabr 2013 08:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) 4 xarici ölkənin - Fransa, İtaliya, Braziliya və Mərakeşdən görkəmli alimlərin iştirakı ilə "İnformasiya texnologiyaları və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilir.

APA-nın məlumatına görə, UNESCO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunan konfransda informasiya cəmiyyəti şəraitində mənəvi korrupsiya məsələləri, müasir dövrün iqtisadi problemləri, Mondevilin təmsilləri və postmodern cəmiyyətinin şərhi, Ümumbəşəri böhrandan çıxmaq üçün fəlsəfənin verə biləcəyi töhfə haqqında çıxışlar dinlənilib.

Konfransı institutun direktoru İlham Məmmədzadə açıq elan etdikdən sonra iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib.

Daha sonra AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək bildirib ki, ölkəyə Azərbaycançılıq fəlsəfəsi lazımdır. O, daha sonra klassik fəlsəfə elmi barədə məlumat verib.

Konfransda UNESCO-nun Azərbaycan təmsilçiliyinin birinci katibi Günay Əfəndiyeva təbrik nitqi ilə çıxış edib: "Bu tədbir dünyanın bir çox ölkələrində qeyd olunur. Tədbirin mövzusunun da bu cür seçilməsi təsadüfi deyil. Çünki bu il Azərbaycanda İKT ilidir. Həm də bu istiqamət UNESCO-nun istiqamətlərindən biridir".

Daha sonra AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, Mərakeş Krallığının səfiri Həsən Hamı, Fransa səfirliyinin Mədəniyyət Mərkəzinin müşaviri İ.V.Zoberman, FSHİ-nin baş elmi işçisi Zümrüd Quluzadə, şöbə müdiri Əli Abasov, baş elmi işçisi Əbülhəsən Abbasov və başqaları çıxış edib.

Qeyd edək ki, tədbir FSHİ və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR