Dünya Bankının missiyası Azərbaycanda səfərdədir

Dünya Bankının missiyası Azərbaycanda səfərdədir
# 20 may 2013 07:24 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin rəhbəri Gevin Adlingtonun başçılıq etdiyi Tapşırıq Qrupu Azərbaycanda səfərdədir.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, səfərin başlıca məqsədi “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin icrasındakı son vəziyyətin, layihənin yerlərdə və regionlarda təsiri və icrasının nəticələrinin, daşınmaz əmlakın qeydiyyatı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi prosesinin qiymətləndirilməsindən ibarətdir.

Səfər zamanı daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşdirilməsi və səmərəliliyin artırılması, müasir standartlara uyğun təkmilləşdirilməsi, elektron kadastr informasiya sisteminin yaradılması ilə bağlı layihə fəaliyyətləri müzakirə ediləcək. Eyni zamanda qeydiyyat xidmətləri, təlim-tədris planı, layihənin idarə edilməsi siyasəti, normativ-hüquqi baza, əmlak vergiləri və layihənin əhatə etdiyi digər məsələlərlə bağlı əldə olunmuş irəliləyişlər qiymətləndiriləcək.

Dünya Bankının missiyası Şəki və Qəbələ rayonlarına da səfər edib. Şəkidə “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin yerlərdə təsiri və nəticələri” mövzusunda Seminar keçirilib. Seminarda Dünya Bankı missiyası, Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və bələdiyyələrin rəsmiləri və KİV nümayəndələri iştirak edib. Seminarların keçirilməsində məqsəd regionlarda “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin effektini və nəticələrini araşdırmaq, eyni zamanda layihənin gələcək icrasında vəzifə və tapşırıqları nəzərə çatdırmaqdır. Seminarlar çərçivəsində layihənin icrasına başlandığı dövrdən indiyədək görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək planlarla bağlı çıxışlar və təqdimatlar olub.

Qeyd edilib ki, «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin tətbiqi nəticəsində daşınmaz əmlakın qeydiyyatı proseduraları xeyli sadələşdirilmiş, qeydiyyat prosesində səmərəlilik artıb. Layihənin icrası gedişində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron xidmətlərin tətbiqinə başlanması, elektron xidmətlər portalının yaradılması, elektron xidmətlərin sayının tədricən artırılması, daşınmaz əmlakla bağlı müraciətlərin elektron qəbulu daşınmaz əmlakın qeydiyyatı prosesini operativ və daha etibarlı edib. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib. Qeydiyyat idarələri üçün mövcud binalar təmir edilib və yeni binalar tikilərək istifadəyə verilib. Layihə çərçivəsində Qəbələ, Xaçmaz və Lənkəran Ərazi İdarələri tikilib. Bərdə və Beyləqan Ərazi İdarələrinin, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin İT Mərkəzinin tikilməsi planlaşdırılır.

Bütün bunlarla yanaşı, «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin Azərbaycanın daşınmaz əmlak fondunun dəyərini əhəmiyyətli dərəcədə artırmaqdadır. Elektron xidmətlər portalının tətbiqi, qeydiyyat proseduralarının sadələşdirilməsi nəticəsində əmlak bazarında əməliyyat xərcləri əhəmiyyətli dərəcədə azalır. Bütün bu fəaliyyətlər və inkişaf edən beynəlxalq əməkdaşlıq əmlak idarəçiliyi və qeydiyyatı sahələrində şəffaflığı, çevikliyi və etibarlılığı daha da artıracaq, daşınmaz əmlak bazarının dinamik inkişafına təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR