Bakıda Azərbaycan-ABŞ İKT Forumu keçiriləcək

Bakıda Azərbaycan-ABŞ İKT Forumu keçiriləcək
# 21 noyabr 2013 13:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dekabrın 3-də Bakıda Azərbaycan-ABŞ İKT Forumu keçiriləcək. Forum həmin günlərdə Bakıda keçiriləcək «Bakutel-2013» beynəlxalq sərgi-konfransı çərçivəsində təşkil olunacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə keçiriləcək forumun ilk plenar iclasının «Azərbaycanın ilk telekommunikasiya peyki və kosmos sahəsi üzrə Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar» mövzusuna həsr edilməsi nəzərdə tutulur.

RİTN-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirin «Azərbaycanın İKT sahəsi: ticarət və investisiya imkanları», «Azərbaycan-ABŞ İKT əməkdaşlığında yeni üfüqlər: çağırışlar və imkanlar» mövzuları ətrafında plenar müzakirələrlə davam etdirilməsi planlaşdırılır. Eyni zamanda, tədbir çərçivəsində «Azərbaycanda son 10 ildə inkişaf dinamikası»na dair mini-sərgi turu təşkil olunacaq.

Qeyd edək ki, qeyri-neft, xüsusən də İKT sahəsinin inkişaf planının bir hissəsi olaraq, 2013-cü ilin əvvəlində ilk telekommunikasiya peykini orbitə buraxan Azərbaycan 2015-ci və 2016-cı illərdə daha iki peyk orbitə çıxarmaq niyyətindədir.

Xatırladaq ki, ilk Azərbaycan-ABŞ İKT forumu «AmCam Azərbaycan», RİTN və ABŞ səfirliyinin təşkilatçılığı ilə İnternet İdarəçiliyi Forumu və «Bakutel-2012» çərçivəsində 2012-ci il noyabrın 7-də Bakıda keçirilib. Forumda Azərbaycan və ABŞ arasında İKT sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR