Bakıda çay və qəhvə satan mağaza cərimələnib

Bakıda çay və qəhvə satan mağaza cərimələnib
# 23 aprel 2014 08:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, A. Cəlilov küçəsində yerləşən fiziki şəxs Həsənov Rövşən Oqtay oğluna məxsus, müxtəlif çeşidli çay və qəhvə məhsullarının satışını həyata keçirən “Tea&Coffee” mağazasında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, mağazanın müvafiq standartın tələblərinə cavab verməyən anbarında çay və qəhvə məhsulları saxlanma rejiminə əməl olunmadan saxlanılır, məhsulların sınaqları aparılmır.

Bundan başqa mağazada satılan məhsulların uyğunluq sertifikatları, istehsalçı ölkəyə məxsus keyfiyyət və mənşə sertifikatları yoxlamaya təqdim edilməyib. Həmçinin, müəssisədə çalışan işçinin tibbi kartının olmadığı da aşkar edilib.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı bu ilin fevral ayının 18-də mağaza rəhbərinə nöqsanların aradan qaldırılması ilə bağlı tələbnamə verilib, lakin mağaza yazılı tələblərə məhəl qoymadan fəaliyyətini davam etdirib. Bununla bağlı mağaza rəhbəri inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun olaraq cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR