Xamneyinin qudası Təbrizdə etirazla qarşılanıb

Xamneyinin qudası Təbrizdə etirazla qarşılanıb
# 16 may 2013 08:18 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən məlumatına görə, parlamentin keçmiş spikeri Təbrizin Sərasəri Universitetinin “Şəhid Şəfai” salonunda bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkilərindən, seçki platformasından danışıb, tələbələrin suallarını cavablandırıb.

Görüş saat 11:30-da başlamalı olsa da, 45 dəqiqə gecikən Q.Adil çıxışına mayın 11-də prezidentliyə namizədlərin qeydiyyata alınması mərhələsinin son günündə seçkiyə qatılmaq qərarına gələn İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncanini tənqid etməklə başlayıb: “Mən bilmirəm islahatçılar hansı düşüncə ilə Rəfsəncanini seçiblər. Bir də Haşimi bu yaşda nə üçün prezident seçkilərinə qatıldı. Belə çıxır ki, ya islahatçılar, ya da Rəfsəncani dəyişiliblər. Dünənki düşmənlər bugünkü dostlar olublar”.

Daha sonra sabiq spiker tələbələrdən birinin İranda yaşayan etniklərin ana dilində təhsil ala və mədəniyyətlərini inkişaf etdirə bilməməsi barədə sualını cavablandırıb: “Nənələriniz evdə sizinlə türkcə (Azərbaycan dili nəzərdə tutulur) danışır və bu sizə kifayətdir. Sizlər evlərinizdə ana dilinizdə danışırsınız, ancaq gərək məktəblərdə təhsil fars dilində verilsin”.

Fikirləri ciddi narazılıqla qarşılanan Q. Adil əlavə edib: “İranın ali dini lideri, ayətullah Əli Xamneyi də bir türk ailədəndir. Mən nə zaman onun yanına gedirəm, mənə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını oxuyur”. Bu da azərbaycanlı tələbələri sakitləşdirməyib, əksinə, yüzlərlə tələbə etiraz olaraq salonu tərk ediblər. Nəticədə görüşün aparıcısı narahatlıqla toplantı iştirakçılarının tələbələr olmadığını bildirib. Bu görüşdə də azərbaycanlı tələbələrə İran prezidentliyinə namizədlərin əvvəlki toplantılarında olduğu kimi özlərinə lazım olan suallar verməyə heç bir şərait yaradılmayıb.

Qeyd edək ki, Q. Adil İranın ali dini lideri, ayətullah Əli Xamneyinin qudası, Fars dili və Ədəbiyyatı Akademiyasının rəhbəridir. Sabiq spiker həmçinin İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti və Tehran şəhərinin meri (paytaxt bələdiyyəsinin sədri) və İran İslam İnqilabı Keşikçilər Korpusunun keçmiş komandanlarından biri olan Məhəmmədbağır Qalibafla birlikdə yaradılan “2+1” seçki koalisiyasının üzvüdür. Hazırda hər üç şəxs prezidentliyə namizəd kimi qeydə alınmaq üçün İran Daxili İşlər Nazirliyinin seçki qərargahına ərizə ilə müraciət ediblər. Lakin Ə.Vilayəti və Q.Adil İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin namizədliyi qeydə alınacağı təqdirdə, namizədliklərini onun xeyrinə geri götürmək niyyətində olduqlarını açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR