Tural Abbaslı: “Partiya funksionerləri İsa Qəmbərin başqan vəzifəsində qalmasını tələb edirlər”

Tural Abbaslı: “Partiya funksionerləri İsa Qəmbərin başqan vəzifəsində qalmasını tələb edirlər”
# 25 oktyabr 2013 11:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getmək istəyir. Lakin partiya funksionerləri Müsavat başqanının vəzifəsində qalmasını tələb edirlər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, Müsavat başqanı İ. Qəmbər partiya Divanının iclaslarında qurultayla bağlı məsələnin gündəliyə salınmasını təkid edib. Buna görə də Divan partiyanın qurultayını gündəliyə salıb və son iclaslarda bu barədə də müzakirələr aparılır.

T. Abbaslının sözlərinə görə, İ. Qəmbər siyasətdən getmək fikrində deyil, sadəcə Nizamnamənin tələbinə uyğun olaraq, başqanlıqdan imtina etmək istəyir: “Müsavat Divanının son iclası daxil olmaqla, digər iclaslarında da qurultay məsələsi müzakirə olunub. Qurultay məsələsinin Divanın gündəliyinə salınmasını belə İsa Qəmbər təklif edib. Baxmayaraq ki, divan üzvləri, partiya nümayəndələri bu məsələyə isti yanaşmırlar”.

T. Abbaslı deyib ki, İ. Qəmbər Nizamnamədə nəzərdə tutulmuş müddətdən artıq başqanlıqda qalmaq istəmir: “ Amma mən İsa Qəmbərin başqan kimi qalmasının tərəfdarıyam, lakin onun özünün mövqeyi bizim üçün əsasdır və bu mövzuda ciddi amildir. İsa Qəmbər mövqeyi siyasətdən getmək deyil. Qurultay olsa, İsa Qəmbər siyasətdən deyil, başqanlıqdan gedəcək”.

Qurultayın vaxtında keçirilməsinin yer məsələsi ilə bağlı olduğunu deyən T. Abbaslı bildirib ki, bunun üçün bütün texniki işlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR