Təhsil Nazirliyi son 25 ildə ilk dəfə region peşə məktəbləri üçün yeni kənd təsərrüfatı texnikası alacaq

Təhsil Nazirliyi son 25 ildə ilk dəfə region peşə məktəbləri üçün yeni kənd təsərrüfatı texnikası alacaq
# 09 dekabr 2013 13:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son 30-40 il ərzində ilk dəfə olaraq Təhsil Nazirliyi region peşə məktəbləri üçün kənd təsərrüfatı texnikası alacaq.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə məlumat verən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, sektor müdiri Cəsarət Valehov bildirib ki, kənd təsərrüfatı texnikası peşə təhsili müəssisələrinə sonuncu dəfə 1988-ci ildə verilib.

Onun sözlərinə görə, gələn il Təhsil Nazirliyi ilk dəfə olaraq region peşə məktəbləri üçün 10 ədəd kombayn, traktor və müxtəlif kənd təsərrüfatı texnikası alacaq: “Peşə məktəblərində təhsil alanlar artıq praktiki olaraq vərdişlərə yiyələnə biləcək, ən yeni texnologiya ilə təmasda olacaqlar”.

C.Valehov qeyd edib ki, peşə liseyləri ilə bağlı digər yeni layihələr də olacaq: “Gələn il “Müasir Azərbaycan Peşəkarları Layihəsi” çərçivəsində və Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi yeni peşə mərkəzləri yaradılacaq. Bakıdakı 6 saylı peşə məktəbində nəqliyyat sektoru üzrə kadrlar hazırlanması nəzərdə tutulub. Bundan başqa, Qəbələdə aqrar sahə üzrə yeni peşə məktəbi fəaliyyətə başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR