“Bütün işğalçılara dur deyirik!” mövzusunda dəyirmi masa keçirilib

“Bütün işğalçılara dur deyirik!” mövzusunda dəyirmi masa keçirilib
# 12 mart 2014 08:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin 22-ci ildönümü və Ukrayna hadisələrinə həsr olunmuş “Bütün işğalçılara dur deyirik!” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 22 il ərzində düzgün yanaşma prinsipi seçmədiyi üçün münaqişənin həllinə hələ də nail olunmayıb. A. Nağı hesab edir ki, Minsk Qrupunun münaqişəyə yanaşması dəyişməlidir: “ATƏT-in Minsk Qrupunun üzvləri 22 il ərzində öz dövlətlərinin maraqlarına nail olublar, münaqişənin həlli istiqamətində isə heç bir addım atmayıblar. Ona görə də bu gün Minsk Qrupunun formatı, prinsipləri dəyişməlidir. Eyni zamanda beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət olaraq tanımalıdır”.

QAT sədri deyib ki, beynəlxalq təşkilatların prinsipsiz mövqeyinin nəticəsində bu gün Ukrayna hadisələri baş verir. Onun fikrincə, hazırda dünya birliyi təcavüzkarların qarşısında geri çəkilmə mövqeyi tutur: “Rusiyanın siyasətinə diqqət yetirsək, görərik ki, o, müxtəlif yerlərdə yaranmış vəziyyətdən bacarıqla istifadə edir. Bura eynilə Qarabağ münaqişəsini də aid etmək olar. İndi eyni vəziyyəti Ukraynada - Krımda həyata keçirir. Qarabağ məsələsində olduğu kimi, eynilə Krım problemində də dünya ehtiyatlı mövqe tutur. Ona görə də, biz hesab edirik ki, dünya birliyi Rusiya kimi işğalçı bir dövlətə qarşı kəskin mövqe ortaya qoymalıdır”.

Politoloq Elman Nəsirli isə çıxışında bildirib ki, hazırda dünyada çox ciddi siyasi oyunlar gedir. Onun sözlərinə görə, bu gün Krımda baş verən hadisələr, orada yaşayan rusların öz müqəddəratını təyin etməsinə şərait yaradılması Qarabağ münaqişəsi baxımından da təhlükəlidir. Politoloq hesab edir ki, Azərbaycan dünyada gedən siyasi oyunlardan öz xeyrinə istifadə etməlidir.

BQP sədri, millət vəkili Fazil Mustafa isə çıxışında Ukrayna hadisələrinə toxunaraq bəyan edib ki, bu gün Rusiyanın Ukrayna ilə bağlı davranışları bu dövlətin tükəndiyinin göstəricisidir. F. Mustafanın fikrincə, Azərbaycan öz xarici siyasətində Rusiya və Avropa Birliyi arasındakı balansı qoruya bilib. O hesab edir ki, Qarabağ problemi Rusiya və ABŞ-ın birgə proyektidir: “Eyni zamanda burada Avropa ölkələrinin müəyyən rolu var. İran da bu layihənin içərisindədir. Bu baxımdan hesab edirəm ki, Qarabağ problemi Ukrayna hadisələri və Krım probleminin həllindən daha çətindir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR