Səhiyyə Nazirliyinin İnstitut rektoru: “Həkimlər ixtisaslarını artırmaq üçün böyük vəsait hesabına xaricə üz tutmayacaqlar”

Səhiyyə Nazirliyinin İnstitut rektoru: “Həkimlər ixtisaslarını artırmaq üçün böyük vəsait hesabına xaricə üz tutmayacaqlar”
# 28 oktyabr 2013 13:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk dəfə laparoskopiya üzrə treninqlərə başlanılıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən İnstitutun rektoru Nazim Qasımov bildirib ki, son illərdə əsaslı təmir və yenidənqurmadan sonra əhalinin istifadəsinə verilmiş 500-dən çox tibb müəssisəsi ən müasir texniki avadanlıqlarla, o cümlədən səhiyyə ocaqlarının bir çoxu laparoskopik cərrahiyyə avadanlıqları ilə təchiz edilib. Bu da öz növbəsində həmin avadanlıq və cihazlarla işləməyi bacaran həkimlərin yetişdirilməsi məsələsini gündəmə gətirir.

Rektor deyib ki, artıq həkimlər laparoskopiya üzrə ixtisaslarını artırmaq üçün böyük vəsait hesabına xarici ölkələrə üz tutmayacaqlar. Qeyd edilib ki, gələcəkdə belə treninqlərin bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

Laparoskopiya üzrə beynəlxalq dərəcəli mütəxəssis, professor Qurbanxan Müslümov da çıxışında treninqlərin yüksək ixtisaslı həkimlərin hazırlanması baxımından əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, institutun təşəbbüsü ilə keçirilən treninqlərdə əvvəlcə müdavimlərə laparoskopiya üzrə nəzəri biliklər veriləcək. Sonra isə institutda hər cür avadanlıqlarla təmin edilmiş və əməliyyata yaxın şərait qurulmuş treninq otağında həkimlər laparoskopik cərrahiyyə üzrə sadə vərdişlərə yiyələnəcəklər. Yalnız bundan sonra təlim keçmiş həkimlər mərhələlərlə laparoskopik cərrahiyyə əməliyyatlarında iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR