Lənkəranda “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda konfrans keçirilib - FOTO

Lənkəranda “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 28 noyabr 2013 12:34 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran şəhərindəki Gənclər Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda konfrans keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran iqtisadi rayonuna daxil olan rayon İcra Hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinlərinin, kənd və qəsəbə İcra nümayəndələrinin, bələdiyyə sədrləri və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov iştirakçıları Lənkəran ŞİH-in başçısı Taleh Qaraşovun adından salamlayaraq, konfransın işinə uğurlar arzulayıb.

İ.Rəhimov dövlət başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində Lənkəranda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirərək, Lənkəranda belə tədbirlərin təşkilinin əhalinin mənzil-kommunal sahəsində yeni münasibətlərə dair məlumatlandırılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov çıxış edərək, ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların simasının günü-gündən gözəlləşdiyini bildirib. Qəbul olunmuş yeni Mənzil Məcəlləsi haqqında məlumat verən N.Qasımov bu sənədin vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, həmçinin bu sahədə köklü islahatların aparılması üçün münbit şərait yaradacağını qeyd edib.

Avropa Komissiyasının “Azərbaycan Respublikasında Mənzil-kommunal sahəsində islahatlara dəstək” layihəsinin rəhbəri, Avropa İttifaqının eksperti Yerji Fişer Azərbaycanın mənzil-kommunal sektorunda islahatlar, bu sahənin yeni Mənzil Məcəlləsinə uyğun olaraq idarə olunması, Avropa ölkələrinin təcrübəsi barədə danışıb.

İqtisadiyyat və Sənaye Nazirliyi Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov Mənzil Məcəlləsindən irəli gələn vəzifələr, yeni idarəetmə üsulları, məcəllənin tətbiq edilməsi istiqamətində yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə birgə işin təşkili barədə təqdimatla çıxış edib.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev isə çıxışında ölkədə Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanmasına təkan verildiyini bildirib.

Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırılıb, iştirakçılara “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” kitabı paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR