Kamran İmanov: “Azərbaycanın Çövkən idman oyunu heç bir xalqın, ölkənin maraqlarına toxuna bilməz”

Kamran İmanov: “Azərbaycanın Çövkən idman oyunu heç bir xalqın, ölkənin maraqlarına toxuna bilməz”
# 12 dekabr 2013 09:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son günlər Azərbaycanın növbəti uğuru olan “Çövkən - Azərbaycan Respublikasının qədim Qarabağ atüstü oyunu” UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması barədə bəziləri tərəfindən mübahisəli fikirlər səsləndirilir.

Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov APA-ya açıqlamasında mübahisəli fikirlərə aydınlıq gətirib və “Çövkən” sözünün etimologiyası haqqında fikir bildirib.

Onun sözlərinə görə, müasir Azərbaycan dilində “çövkən” termini “çovqan” kimi də səslənir və “Azərbaycan dilinin izahlı lüğət”lərində bu sözün mənası “at üstündə ucu əyri çomaqla top-top oyunu” kimi təsvir edilir. “Çövkən” sözünün türk mənşəli olmasını, onun etimologiyasını qədim türk lüğətləri təsdiqləyir: “Çögən = çoğan, çokən” və “çomak” sözlərinin kökündə duran “çög = çoğ = çok” və “çom” ifadələri müvafiq olaraq “çökmək” (dibə çökmək, diz çökmək) və “dalmaq” mənasında qədim türk dilində işlənib. “Çom” - köklü sıraya “çömçə” (nəyisə dartıb götürmək üçün alət) və ya çömbəlmək (dizləri yığaraq əyilmiş formada oturmaq) sözləri də aiddir. “Çog=Çoğ=Çok” və “Çom” qohum köklər olaraq ortaq mənada “enmək”, “düşmək”, “əyilmək”, “dartıb götürmək” və s. deməkdir. Həqiqətən, at üstündə əyilmədən, topu dartıb özünə sarı çəkmədən onu vurmaq da mümkün deyil. Deyilənlər “çovqan = çovkən = çoğan = çogən” sözünü bilavasitə türk etimologiyası ilə bağlatdırır. Heç də təsadüfi deyil ki, bu gün də Azərbaycanın qərb zonasında Çovqan oyunu “Çomax” adı ilə də tanınır. “Çövkən” oyunu müəyyən mənada döyüşdə tələb olunan keyfiyyətlərin məşqi idi və bu təlimin vacibliyi hökmdarlar tərəfindən çox yüksək qiymətləndirilirdi. Təbii ki, “çövkən” sözünün və oyununun türk mənşəli olması türklər yaşayan arealda böyük izlər buraxaraq digər xalqlar tərəfindən mənimsənilib və geniş yayılıb”.

Agentliyin direktoru qeyd edib ki, Çövkən qədim türkcə “Çogən, Çoğan = Çokən” oyununun adı ucu əyri “Çomaq=çomax” (ağac, daynaq, oyun aləti müasir mənada) bağlanmaqla yanaşı hərbi əlvurma alət mənasını da özündə cəmləşdirir. Onun sözlərinə görə, bu da həmin oyunun döyüş təlimləri xüsusiyyətini açıqlayır: “Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın Çövkən adlı idman oyunu heç bir xalqın, ölkənin, hansılarda ki, bu oyun yayılıb, maraqlarına toxuna bilməz. Çünki bu oyunu biz UNESCO-nun təcili qorunmaya ehtiyac olan qeyri-maddi mədəni irs siyahısına salmışıq, özü də “Azərbaycanda qədim Qarabağ atüstü oyunu” kimi. Məqsədimiz məşhur Qarabağ atları cinsini yaşatmaq, Cıdır və digər düzlərində onları qoruyub saxlamaq və ənənəvi, qədim idman oyunumuzu gələcək nəsillərə ötürməkdir. Bizdə yaranan təhlükə ilə rastlaşmayan bu oyunun yayıldığı hər bir ölkə öz növbəsində onu UNESCO-nun Reprezentativ Siyahısına salmaq üçün müraciət edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR