İran prezidenti və İraqın baş naziri arasında telefon danışığı olub

İran prezidenti və İraqın baş naziri arasında telefon danışığı olub
# 13 iyun 2014 10:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani ilə İraqın baş naziri Nuri əl-Maliki arasında telefon danışığı olub.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə İraqın şimalında baş verən son hadisələr əsas müzakirə mövzusu olub.

H.Ruhani bildirib ki, terrorizm və radikalizmlə mübarizə aparılması zəruridir: “Terrorçuların İraqın şimalında, xüsusilə də Neyneva və Mosulda xalqa qarşı son cinayətlərini pisləyirəm. İraq xalqı birliyini və ərazi bütövlüyünü qorumalıdır. İraq xalqının terrorizm və radikalizmlə mübarizədə qələbə qazanacağına ümid edirəm. Bu istiqamətdə İraqda təqlidi mərcə şiə islam alimlərinin də rolu böyükdür. Onlar İraq xalqının terrorçulara qarşı mübarizə aparmasında təsirli rol oynamalıdırlar. İran xalqı və dövləti həmişə İraq xalqı və dövlətinin yanındadır. İran İslam Respublikası bölgə və beynəlxalq səviyyədə İraqda terrorizm bəlasına qarşı mübarizəsini bütün gücü ilə davam etdirəcək və terroru dəstəkləyənlərin bu bəlanı bütün bölgəyə yaymalarına da icazə verməyəcək”.

N. əl-Maliki də öz növbəsində İran İslam Respublikasının bölgə və beynəlxalq arenada İraq xalqı və dövlətinin terrorizmlə mübarizəsindəki dəstəyindən dolayı təşəkkür edib.

Bundan əlavə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqda baş verən hadisələrlə bağlı BMT baş katibi Pan Gi Mun, İƏT baş katibi Ekmələddin İhsanoğlu, iraqlı həmkarı Huşyar Zibari və türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR