Ukraynanın müdafiə naziri: “Rusiya Ukraynanın cənub-şərq sərhədlərində və Krımda 220 min əsgər cəmləşdirib” - VİDEO

Ukraynanın müdafiə naziri: “Rusiya Ukraynanın cənub-şərq sərhədlərində və Krımda 220 min əsgər cəmləşdirib” - <span style="color: red;">VİDEO
# 11 mart 2014 10:58 (UTC +04:00)

Bakı – APA. Hazırda Rusiya Ukraynanın cənub-şərq sərhədlərində və Krımda 220 min nəfər hərbçi cəmləşdirib. APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən İqor Tenyux Ali Radada çıxışında deyib. “Ukraynanın şərq sərhədləri ətrafında və Krımda hərbi təlimlər keçirən Rusiya Federasiyasının Silahlı Qüvvələrinin ümumi sayı 220 min nəfərdən ibarətdir”, - deyə o, söyləyib. İ. Tenyux bu qüvvələrin sərəncamında 1800 tank, 400-dən çox helikopter, 150 təyyarə və 60-ə yaxın hərbi gəmi olduğunu açıqlayıb.

Ukraynanın baş naziri Arseni Yasenyuk isə çıxışında bildirib ki, Ali Rada Budapeşt Memorandumu əsasında Ukraynanın təhlükəsizliyinə təminat verən dövlətlərə (ABŞ, Böyük Britaniya) müraciət edərək onları Ukraynanı Rusiya təcavüzündən qorumağa çağırmalıdır: “Hökumət olaraq parlamentə müraciət edirik ki, Budapeşt Memorandumunun iştirakçılarına ünvanlanan və onları bizə verdikləri qarantiyaları yerinə yetirməyə çağıran bəyanata səs versinlər”.

A. Yasenyuk qeyd edib ki, Budapeşt sənədi əsasında öz nüvə statusundan imtina edən Ukrayna hazırda müdafiəsizdir və dişinə qədər silahlanmış nüvə dövləti ilə üz-üzə qalıb: “Əgər siz öz qarantiyanızı yerinə yetirməyəcəksinizsə, onda izah edin görək İranı və ya Şimali Koreyanı nüvə silahından imtina etməyə necə razı salacaqsınız?..”

Baş nazirin sözlərinə görə, söhbət təminatçı (qarantor) ölkələrə müraciət edərək onları öz qoşunlarını Ukraynadan geri çəkməyə (Rusiya) və Ukraynanı müdafiə etməyə (ABŞ, Britaniya) çağırmaqdan gedir.

Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov isə məsələni konkretləşdirərək təminatçı (qarantor) ölkələrə hərbi-texniki kömək üçün müraciət edəcəklərinin vurğulayıb: “Təhlükəsizliyimizə təminat vermiş dövlətlər öz öhdəliklərini yerinə yetirməlidir. Biz Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirmişik. Biz təlimlər keçirmişik və ordunun hansı vəziyyətdə olduğunu dəqiq görürük. Hazırda ordunu bərpa etməyə başlayırıq”.

Qeyd edək ki, Ukraynanın nüvə silahının yayılmaması ilə bağlı Müqaviləyə qoşulması ilə əlaqədar 1994-cü il dekabrın 5-də Budapeştdə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya arasında imzalanan Memoranduma əsasən nüvə dövləti statusundan imtinanın əvəzində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə rəsmi təminat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR