Azərbaycanda müəllimlərin kollektiv, rəhbərlik, valideyn və qanuni nümayəndələrlə münasibəti yeni qaydalara əsasən tənzimlənir

Azərbaycanda müəllimlərin kollektiv, rəhbərlik, valideyn və qanuni nümayəndələrlə münasibəti yeni qaydalara əsasən tənzimlənir
# 20 may 2014 08:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda müəllimlərin kollektiv, rəhbərlik, valideyn və qanuni nümayəndələrlə münasibəti yeni qaydalara əsasən tənzimlənir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil nazirinin əmri ilə yeni təsdiqlənən “Müəllimlərin etik davranış qaydaları”nda qeyd olunur ki, kollektivlə müəllimlər arasında münasibətlər əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır: “Təhsil alanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir. Təhsil müəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl etməsinə birbaşa məsuliyyət daşıyır. Rəhbərliyin müəllimlərlə münasibəti qarşılıqlı hörmət əsasında qurulmalıdır. Rəhbərlik tərəfindən müəllim əməyinin qiymətləndirilməsi həqiqi xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir. Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir. Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidir. Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir. Rəhbərlik təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam yaratmalıdır”.

Qeyd olunub ki, valideyn və digər qanuni nümayəndələrlə münasibətdə müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sövq edilməsi yolverilməzdir. Müəllim valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır. Valideyn və qanuni nümayəndələr tərəfindən könüllü və qanuni yollarla təhsil müəssisəsinə edilmiş yardım, müəllim - təhsil alan münasibətlərinə və nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR