Azərbaycanda farmakologiya və aqrokimya sahələrində patentlərin qüvvədə olma müddətinin uzadılması şərtləri dəyişib

Azərbaycanda farmakologiya və aqrokimya sahələrində patentlərin qüvvədə olma müddətinin uzadılması şərtləri dəyişib
# 02 iyun 2014 09:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabinetinin “İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nda dəyişikliklər edilib.

APA-nın verdiyi məlumata görə, indiyədək qüvvədə olan qaydaya əsasən ixtira patentinin predmeti qanunvericiliyə uyğun olaraq inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti uzadıla bilərdi.

İxtira patentinin qüvvədə olma müddəti patentin müvafiq inzibati prosedurlardan keçməsi üçün sərf olunan müddətə, lakin 5 ildən artıq olmamaq şərti ilə uzadıla bilərdi və sərf olunan müddətə ixtiraya dair iddia sənədinin verildiyi tarixdən patent alınmasına qədər olan müddət daxil olduğu halda, həmin müddət sərf olunan müddətdən çıxılır. Eyni zamanda sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 ildən artıq olmamaq şərti ilə uzadıla bilərdi.

Dəyişikliyə əsasən, bu sahədə şərtlər konkretləşdirilib. Beləliklə, ixtira patentinin predmeti Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti uzadılır. İxtira patentinin qüvvədə olma müddəti patentin müvafiq inzibati prosedurlardan keçməsi üçün sərf olunan müddətə, lakin 5 (beş) ildən artıq olmamaq şərti ilə uzadılır. Sərf olunan müddətə ixtiraya dair iddia sənədinin verildiyi tarixdən patent alınmasına qədər olan müddət daxil olduğu halda, həmin müddət sərf olunan müddətdən çıxılır. Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 ildən artıq olmamaq şərti ilə uzadılır.

Qeyd edək ki, ixtira patentinin qüvvədə olma müddətinin uzadılması xüsusən farmakologiya və aqrokimya sahələrinə aiddir. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün vəsatət patentin qüvvədə olduğu müddətdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilir. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması barədə Komitəyə daxil olan sənədlər 10 gün müddətində araşdırılır. Patentlərin qüvvədə olma müddətinin uzadılması mümkün hesab edildiyi halda, qərar qəbul olunur, bu barədə məlumat müvafiq dövlət reyestrinə daxil edilir və vəsatəti verən fiziki və ya hüquqi şəxsə göndərilir. Bu barədə məlumatlar Komitənin rəsmi bülletenində dərc olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR