İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri davam etdiriləcək

İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri davam etdiriləcək
# 18 dekabr 2013 07:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri davam etdiriləcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bununla bağlı dekabrın 17-də Brüsseldə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında keçirilmiş görüşdə qərar qəbul edilib.

A.Əraqçı bildirib ki, bu gün ABŞ rəsmiləri başda olmaqla qərblilərin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya da mənfi yöndə təsir göstərir: “Xüsusilə ABŞ başda olmaqla Qərb ölkələrindəki bəzi dairələrin sərt bəyanatlar səsləndirməkdən və mövqe nümayiş etdirməkdən çəkinmələrini istəyirik. Çünki ABŞ rəsmiləri səhv və uyğun olmayan bir siyasət yürüdür. Bəzi iranlı şirkətlər və şəxslərin sanksiya siyahısına əlavə olunması qəbuledilməz bir hərəkətdir. Bu addım isə Cenevrə razılaşmasından sonra atılıb”.

Onun sözlərinə görə, ABŞ Konqresinin üzvlərinin məqsədi nüvə razılaşmasının ləğv edilməsidir: “Ancaq bununla belə, İranla “altılıq” ölkələri arasında mütəxəssislər səviyyəsində nüvə müzakirələri yenidən başlayacaq. Hazırda bunun üçün lazımi addımlar atılır”.

K.Eşton da ABŞ başda olmaqla “altılıq” ölkələrinin digər üzvlərinin də Cenevrə razılaşmasına bağlı qalacaqlarına dair zəmanət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR