İnternat məktəbləri və ümumtəhsil məktəblərinin əmək kabinetləri üçün alınmış avadanlıqların təqdimatı keçirilib

İnternat məktəbləri və ümumtəhsil məktəblərinin əmək kabinetləri üçün alınmış avadanlıqların təqdimatı keçirilib
# 16 aprel 2014 11:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyi tərəfindən internat məktəblərinə verilmiş avtobusların və ümumtəhsil məktəblərinin əmək kabinetləri üçün alınmış müasir tələblərə cavab verən avadanlıqların təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, təqdimat mərasimində Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, KİV təmsilçiləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

İlk olaraq 11 saylı inteqrasiya təlimli internat məktəbində Təhsil Nazirliyinin tabeliyində olan müvafiq təhsil müəssisələri üçün alınmış 7 ədəd “Hyundai County” nəqliyyat vasitəsi təqdim olunub.

Nazirlik rəsmisi Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin qarşıya qoyduğu məqsəd istər internat, istərsə də peşə təhsili müəssisələri üçün təchizat vəsaitlərin yeniləri ilə təmin olunmasından ibarətdir: "Son 25 il ərzində Təhsil Nazirliyi ilk dəfə olaraq hazırda peşə məktəblərində istifadəyə verilmiş Avropa istehsalı olan 11 təlim maşını alıb. Bu günlərdə 37 kənd təsərrüfatı texnikası peşə təhsili müəssisələrinə veriləcək. Bununla da gənclərimiz müasir texniki vasitələrin köməyi ilə daha yaxşı təlim ala biləcəklər".

11 saylı inteqrasiya təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva isə bildirib ki, internat məktəbində 800 şagird təhsil alır. Onun sözlərinə görə, onların 126-sı xüsusi qayğıya ehtiyacı olanlardır, digər 72 nəfəri gün ərzində qayğı mərkəzində qalırlar: "Onlar bu mərkəzə səhər gətirilir, axşam aparılırlar. Bu uşaqlar az təminatlı ailələrdən olan 3-6 yaş arasında olan uşaqlardır. Ümumilikdə isə 600 uşaq ətraf kəndlərdən olan aztəminatlı, bir valideynini və ya hər iki valideynini itirmiş uşaqlardır”.

Daha sonra isə 26 nömrəli tam orta məktəbin əmək kabinetləri üçün alınmış avadanlıqların təqdimat mərasimi keçirilib.

Qeyd olunub ki, paytaxtda 52 ümumtəhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən müasir avadanlıqlarla təmin olunub. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlər şagirdlərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, fiziki əməyə hörmət ruhunda tərbiyə olunması və onların tədris nailiyyətlərinin yüksəldilməsi məqsədinə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR