Həsən Ruhani: “Suriyada xalqın zəruri ərzaq məhsulları ilə təmin edilməsi sahəsində problemlər var”

Həsən Ruhani: “Suriyada xalqın zəruri ərzaq məhsulları ilə təmin edilməsi sahəsində problemlər var”
# 10 sentyabr 2013 09:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani nüvə proqramı, Suriya böhran və digər məsələlərdən danışıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, H.Ruhani bildirib ki, artıq nüvə məsələsi İran Xarici İşlər Nazirliyinin öhdəliyinə verilib: “Gələn həftə Nyu-York şəhərində ilk nüvə müzakirələri keçiriləcək. Həmin görüşdə tərəflər İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrini harada davam etdirəcəklərini müəyyənləşdirəcəklər”.

İran prezidenti deyib ki, bu gün region və Orta Şərq bölgəsi problemlərlə üzləşib: “Əlbəttə, əvvəldən üzləşdiyi problemlər bugünkündən daha çoxdur. Suriya məsələsinə gəldikdə, bu ölkə müqavimət cəbhəsinin qarşısında yer alır. Ona görə də İran üçün xüsusi önəmi var. Biz son iki həftədir Suriyaya hərbi müdaxilə edilməməsi üçün bütün gücümüzü səfərbər etmişik. Əgər Allah eləməmiş, müharibə baş versə, onun ziyanlarının daha az olmasına çalışırıq. Düşmənlər müharibəni davam etdirsələr, tezliklə peşman olacaqlar. Biz bu müddət ərzində Suriya siyasətini diqqətlə izləmişik. Özüm Suriya məsələsi ilə bağlı bu ölkənin rəsmiləri ilə danışmışam. İran Xarici İşlər Nazirliyi də bu sahədə fəal olub və müxtəlif ölkələrlə müzakirələr aparıb”.

İran prezidenti vurğulayıb ki, Suriyada xalqın zəruri ərzaq məhsulları ilə təmin edilməsi sahəsində problemlər var: “Ona görə də dostcasına humanitar yardım üçün mövcud problemlərə baxmayaraq, Suriyanın ərzaq məhsulları xüsusilə unla təmin edilməsi üçün əlaqədar orqanlara göstəriş verirəm. Çünki hansısa islam ölkəsində çörək probleminin olması bizi narahat edir”.

H.Ruhani bildirib ki, İran müharibənin baş verməməsi üçün bütün səylərini ortaya qoyub: “Biz müharibənin baş verməyəcəyinə ümid edirik. Əks təqdirdə, müharibə tərəfdarları bunun üçün yüksək qiymət ödəməlidirlər. Dünya ictimaiyyəti müharibənin (ABŞ xalqının ölüm şüarı) əleyhinədir. Elə Qərb ictimaiyyəti də müharibəyə qarşı çıxır. ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniyanın parlamentinin Suriyaya qarşı hərbi müdaxilənin əleyhinə səs verməsinin şahidi olduq. Bu gün İran regionda xarici siyasət sahəsində fəaldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR