Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilir

Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilir
# 04 noyabr 2013 10:05 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasının 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, AMEA-nın və Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə keçirilən və noyabrın 6-dək davam edəcək tədbirdə dünyanın bir sıra ölkələri, o cümlədən Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Hindistan, İran, Türkiyə və Tacikistandan 60-a yaxın nüfuzlu elm adamı iştirak edir.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev rəsədxananın yaranması tarixi və keçdiyi inkişaf yolundan ətraflı danışıb. O qeyd edib ki, son illər prezident İlham Əliyevin diqqəti sayəsində bu elmi qurğunun maddi-texniki bazası möhkəmlənib və elmi işçilərin sosial şəraiti daha da yaxşılaşıb.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirib ki, bu rəsədxana nəinki Azərbaycan, eləcə də dünya elminə böyük töhfələr verib, mühüm uğurlara imza atıb. Dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq rəsədxananın yenidən qurulması məqsədilə ümumilikdə 8 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev təmir-bərpa və yenidənqurma işləri ilə tanış olmaq üçün 3 dəfə rəsədxanada olub.

Konfransın əhəmiyyətindən danışan Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətinin müxtəlif dövrləri barədə danışıb. O qeyd edib ki, rəsədxana istər sovet dövründə, istərsə də müstəqillik illərində çox mühüm uğurlar qazanıb.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev qeyd edib ki, indi rəsədxana özünün ən yüksək inkişaf mərhələsindədir. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı ildə 190-200-ə çatır.

Dünyanın müxtəlif ölkələrindən gələn alimlər, mütəxəssislər və digər nüfuzlu qonaqlar da Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyi münasibətilə təbriklərini çatdırıblar. Qeyd ediblər ki, rəsədxananın müasir səviyyədə qurulması, buradakı avadanlıqların müasirləri ilə əvəzlənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi təqdirəlayiqdir. Tədbirdə Azərbaycanda elmə qoyulan sərmayə, bu sahədə çalışanlara diqqətdən də danışılıb. Çıxışlarda konfransın bütün dünyanın elm adamları üçün vacib tədbir olduğu diqqətə çatdırılıb, tədbirin əməkdaşlığa təkan verəcəyi bildirilib.

Tədbirdə Azərbaycan ali təhsil ocaqlarının nümayəndələri, elm adamları və digər nüfuzlu şəxslərin təbrikləri də çatdırılıb. Vurğulanıb ki, Azərbaycanda astronomiyanın tarixi böyükdür və bu rəsədxana qədim ənənələri layiqincə davam etdirir. Sonra Şamaxı Astrofizika Rəsədxanasının yubileyi münasibətilə dünyanın müxtəlif elm ocaqlarından ünvanlanan təbrik məktubları oxunub. Sonda rəsədxana barədə film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR