Oktyabrda Bakıda İKT-nin Tətbiqi Beynəlxalq Konfransı keçiriləcək

Oktyabrda Bakıda İKT-nin Tətbiqi Beynəlxalq Konfransı keçiriləcək
# 07 iyun 2013 09:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 9-11-də Bakıda VII İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi Beynəlxalq Konfransı (AICT-2013) keçiriləcək.

«APA-Economics»in məlumatına görə, konfransda İKT-nin təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları iştirak edəcəklər. Tədbirin əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir: «Bu, adı çəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq».

Konfrans İKT tətbiqində müasir nailiyyətlər, böyük verilənlərin idarəsi və tətbiqi, verilənlərin emalı və verilənlər mühəndisliyi, kibertəhlükəsizlik problemləri, kommunikasiya, şəbəkə və avadanlıq, biznes, idarəetmə və iqtisadiyyatda İKT, dövlət xidmətlərində İKT, elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT, tibb və səhiyyədə İKT və bu kimi mövzuları əhatə edəcək.

AICT-2013 çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub ki, bunlardan VIII Beynəlxalq İnformasiya Təhlükəsizliyi Tədqiqat Konsorsium (IISRC) Konfransı, XXVII Kompüter Mühəndisliyi Bölmələri Müdirləri Beynəlxalq Sammiti və Koreyanın Beynəlxalq İnformasiya Texnologiyalarının Tədqiqat Mərkəzinin İntellektual İKT adlı simpoziumu (ITPA-2013) təşkil olunacaq.

Qeyd edək ki, AICT-2013 konfransı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, IEEE Azərbaycan bölməsi, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun texniki dəstəyi ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR