FHN “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirib - FOTO

FHN “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirib  - <span style="color: red;">FOTO
# 06 may 2014 11:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) respublikanın şimal-qərb bölgəsində «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda seminar-müşavirə keçirib. FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar-müşavirədə şimal-qərb bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirak edib.

Seminar-müşavirədə DYNX-nin yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.

Qeyd olunub ki, mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizmlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması səbəbindən 2013-cü ildə respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, dənli, texniki və paxlalı bitki əkilmiş 666 hektar sahə yanaraq məhv olub.

Yem məhsullarının yanması nəticəsində 739 min manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı zəhmətkeşlərinə 231 min manat maddi ziyan dəyib.

Seminar müşavirədə yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyini təmin etmək geniş müzakirə obyekti olub.

Tədbirdə yanğınların statistikası və təhlilinə istinad edilərək yanğınların baş verdiyi yerlərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməmələri yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirilib və ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı məlumat verilib.

Müşavirədə yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə toxunularaq qeyd olunub ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına əməl etməlidirlər.

Sonda dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar seminar-müşavirə iştirakçılarına paylanılıb, Xidmət tərəfindən təşkil olunmuş yanğın texniki sərgi və video-stend nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR