Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti Qəbələ və Şəki rayonlarında olub - VİDEO

Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti Qəbələ və Şəki rayonlarında olub - <span style="color: red;">VİDEO
# 05 noyabr 2013 20:58 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Qəbələ və Şəki rayonlarında olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Kardinal Canfranko Ravazini və onu müşayət edən nümayəndə heyəti əvvəlcə Qəbələyə gedib, sonra isə Şəkiyə səfər edib.

Şəkiyə səfəri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzib, tarixi-memarlıq abidələri ilə tanış olublar. Azərbaycan və dünya memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq kardinal Canfranko Ravazinin eləcə də başçılıq etdiyi nümayəndə heyətinin böyük marağına səbəb olub. Məlumat verilib ki, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarix-memarlıq abidəsi Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Qonaqların diqqətinə çatdırılıb ki, düz 250 ildir ki, Şəki xanlarının sarayı öz bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə cəlb edir. Ötən ilin iyulunda sarayın 250 illik yubileyi böyük təntənə ilə qeyd olunub. Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarları da vatikanlı qonaqlarda xüsusi maraq oyadıb. Daha sonra Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət ediblər. Məlumat verilib ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində inşa edilib. Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə (eramızdan əvvəl birinci-bizim eranın birinci əsrləri) aid nümunələr, orta tunc-antik dövrə aid saxsı qablar, Qafqaz Albaniyasının tarixi xəritəsi və digər eksponatlar, həmçinin, məbədin həyətindəki ilkin orta əsrlərə aid sərdabələr qonaqların böyük marağına səbəb olub.

Kardinal Canfranko Ravazi və nümayəndə heyətinin üzvləri məbədin həyətində Şəki şirniyyatları ilə bəzədilən çay süfrəsinə qonaq olub, yerli kamera ansamblının ifasını dinləyiblər.

Daha sonra Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kardinala Şəki ilə bağlı xatirə hədiyyələri – ipək xalça, ipək məmulatları, albom və buklet hədiyyə edib. Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi və nümayəndə heyətinin üzvləri Şəkidən xoş və zəngin təəssüratlarla ayrılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR