Urmiya Sənəti Universitetində minlərlə tələbə etiraz aksiyası keçirib - FOTO

Urmiya Sənəti Universitetində minlərlə tələbə etiraz aksiyası keçirib - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 10:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində oturaq etiraz aksiyası keçirilib.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, oktyabrın 27-də günorta saatlarında Urmiya Sənəti Universitetində minlərlə tələbə bir sıra hüquq və azadlıqlarının təmin olunması tələb ilə ali təhsil müəssisəsinin əsas korpusunda toplaşıblar.

Onlar əsasən sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı hüquqlarının təmin edilməsini və dərgi nəşr etməyə qoyulmuş qadağanın aradan qaldırılmasını istəyiblər. Tələbələr “Sərbəst toplaşmaq azadlığı istəyirik”, “Dərgi nəşr etmək qadağası aradan qaldırılsın!”, “Dərgimiz yoxdur!”, “Yalan vədlərə son qoyulsun!”, “Bizim tələblərimiz kültürəldir!”, “Tələbə ölsə də, fikrindən dönməz!” kimi şüarlar yazıblar. Onlar bəyanatlarında da sərbəst toplaşmaq azadlığı, dərgi nəşr etmək hüquqlarının olmaması, siyasi təzyiqlər, universitetin yataqxanasındakı pis vəziyyət, süründürməçilik, qızlara qarşı ayrı-seçkilik, tələbələrin müxtəlif fəaliyyətlərinin siyasi qələmə verilməsi, ali təhsil müəssisəsinin məsullarının kobud davranışları, öz vəzifələrini məsuliyyətlə yerinə yetirməməsinə toxunublar. Daha sonra Urmiya Sənəti Universitetinin rektoru doktor İrəc Mirzayi tələbələrin yanına gələrək, onların arzu və istəklərini dinləyib, həmçinin İranın elm, tədqiqat və texnologiya naziri seçildikdən sonra istefa verəcəyini açıqlayıb. Bundan sonra tələbələr “İstefa, istefa!”, “Yalançılar getməlidir!”, “Yalan bəsdir, artıq yalanlardan doymuşuq!” kimi şüarlar səsləndirərək, ali təhsil müəssisəsinin məsullarına problemləri həll etmələri üçün üç gün vaxt veriblər. Yerli vaxtla saat 13:30-da başlayan aksiya 16:00-da başa çatıb. Universitetin mühafizəçiləri aksiyanın qarşısını almaq üçün təxribatlara əl atsalar da, ancaq bu niyyətləri baş tutmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR