Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara paylanacaq qurbanlıq qoyunlar ucuzlaşıb

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara paylanacaq qurbanlıq qoyunlar ucuzlaşıb
# 07 aprel 2014 11:57 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, azərbaycanlı zəvvarlara təqdim olunacaq qurbanlıq qoyunların qiyməti çəkisindən asılı olaraq 120-140 ABŞ dolları olacaq.

Qoyunların qiyməti Həcc səfəri üçün ödənilən məbləğə daxil deyil, əlavə olaraq ayrıca ödəniləcək. Ötən il qurbanlıq qoyunların qiymətləri azərbaycanlı zəvvarlar üçün 150 dolar olub.

Qeyd edək ki, Azərbaycanda fevralın 13-dən etibarən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial Aviation Service) avia şirkəti həyata keçirəcək.

Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR