Avropa Komissiyası Polşada liberal və avropapərəst mövqeyi ilə tanınan Baş nazir Donald Tusku ölkədəki siyasi böhran fonunda dəstəkləyib.
Avropa Komissiyasının demokratiya, ədliyyə, qanunun aliliyi və istehlakçıların müdafiəsi məsələləri üzrə komissarı Maykl Makqrat Avropanın “Politico” nəşrinə bildirib ki, Polşanın Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsi Seymin səlahiyyətində olmalıdır.
Bununla da Maykl Makqrat Brüsselin Polşa Prezidentinin Konstitusiya Məhkəməsinə hakim təyin etmək səlahiyyətini dəstəkləmədiyini ortaya qoyub. Məhz hakimlərin təyin edilməsi ilə bağlı mübahisə ölkədəki böhranın əsas səbəbidir. Maykl Makqrat sözlərini Avropa İttifaqı Ədalət Məhkəməsinin mövqeyi və Avropa Şurasının Venesiya Komissiyasının rəyi ilə əsaslandırıb.
Avropa Komissiyası vəziyyəti izlədiyini “Politico”ya ünvanladığı, diqqətlə hazırlanmış bəyanatında bildirib. Nəşr yazıb ki, bBu bəyanatda faktiki olaraq Tuska dəstək ifadə olunub.
Xatırladaq ki, oktyabrın 30-da Polşadakı böhran kəskin mərhələyə keçdiyi zaman Avropa Komissiyası ölkədə baş verən hadisələrin mahiyyəti ilə bağlı şərh verməkdən çəkinib. Qurum buna səbəb kimi Avropa İttifaqına üzv ölkələrdəki daxili siyasi vəziyyəti şərh etməmək barədə mövcud təcrübəni göstərib.
Polşada siyasi böhran Tusk hökumətinin Matey Berekini Konstitusiya Məhkəməsinə hakim təyin etmək qərarından sonra yaranıb. Son həftələr ərzində məhkəmənin binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilib. Müxalifətçi siyasətçilərin bir qismi baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb.