Fransa səfirliyi Bakıda “musiqi bayramı” keçirib

Fransa səfirliyi Bakıda “musiqi bayramı” keçirib
# 21 iyun 2016 18:16 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Fransa səfirliyi tərəfindən iyunun 21-i, yayın gəlişi münasibətilə “musiqi bayramı” təşkil edilib.

APA-nın xəbərinə görə, açılışda çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, “musiqi bayramı”nın keçirilməsinə ilk dəfə 30 il bundan əvvəl başlanılıb.

Səfir bildirib ki, “musiqi bayramı” bütün musiqiçilərə açıq olan bayramdır və məqsəd gənclərə öz istedadlarını nümayiş etdirmək imkanının verilməsi, musiqini gənc auditoriyaya sevdirməkdir.

“Bu bayram canlı musiqini sevdirir, musiqi janrlarını insanlara tanıdır. Ötən il 120-dən çox ölkədə musiqi bayramı keçirilib. “Musiqi bayramı” bir sıra ölkələrdə, o cümlədən, Lüksemburq, İtaliya, Yunanıstan, Böyük Britaniya, Peru, Kolumbiya kimi ölkələrdə milli tədbirə çevrilib. Nyu York, Mexiko, Berlin kimi şəhərlərdə qeyd edilərək geniş vüsət alıb. Bakı da həmişə dəbdə olan tədbirləri həyata keçirməkdə birinci sıradadır. Ona görə də “musiqi bayramı” artıq bir neçə ildir ki, keçirilir”.

A. Buşezin sözlərinə görə, bu tip tədbirlərin keçirilməsi multikulturalizmin də yüksək formada təqdim edilməsinə xidmət edir.

“Ümid edirəm, gələn il bu tədbiri daha geniş qeyd edəcəyik və Bakının bütün küçələrində keçiriləcək. İstəyirik ki, Azərbaycan Avropa Musiqi Xartiyasını imzalasın”, - deyə diplomat qeyd edib.

Daha sonra tədbir Araz Hümbətov, Milan Məmmədov, Fransa liseyinin solistləri və SubHe qrupunun ifaları ilə davam etdirilib.

Qeyd edək ki, musiqi bayramı yay fəslinin gündönümü rəmzi olan 21 iyun tarixində keçirilir. Musiqiçi, peşəkar və ya bütün səviyyədə həvəskarlara açıq olan bu mötəbər, pulsuz xalq tədbiri canlı musiqini tanıdır, musiqi ənənələrinin müxtəlifliyini, miqyasını, habelə bütün musiqi janrlarını nəzərə çatdırır. Hər kəs üçün nəzərdə tutulan bu bayram istənilən sosial təbəqədən olan gənclərin müxtəlif musiqi janrları ilə tanış olmasına töhfə verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR