Ağ ev Sərsəng su anbarı ilə bağlı petisiyaya cavab verib

Ağ ev Sərsəng su anbarı ilə bağlı petisiyaya cavab verib
# 11 iyun 2016 08:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ağ Ev administrasiyası Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) APA-ya verilən məlumata əsasən, petisiya 330 000-dən çox səs toplayıb, bu isə Obama Administrasiyasının petisiyaya cavab verməsi üçün lazım olan imza sayından üç dəfə çoxdur.

Petisiyanın müəllifi, AVCİYA prezidenti Elxan Süleymanov APA-ya bildirib ki, o, Ağ Ev Administrasiyasının AŞPA-nın 2085 (2016) saylı qətnaməsini birmənalı şəkildə təqdir etməyəcəyini gözləyirdi: “Lakin təəssüflənirəm ki, ABŞ administrasiyası petisiyada Sərsəng su anbarının hazırki durumu səbəbindən baş verə biləcək humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi ilə bağlı hissəyə etinasızlıq göstərdi”.

Onun sözlərinə görə, petisiyada faktiki olaraq işğala məruz qalmış rayonlarda, xüsusilə Sərsəng ərazisində yaşayan əhalinin insan hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin cavabı isə daha çox Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlib: “Bu mənada bir faktı təqdir edirik ki, ABŞ administrasiyası öz mövqeyində Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmir və qanunsuz olaraq öz müqəddəratını təyin etməyə imkanı yaratmır. Ağ Ev öz cavabında Sərsəngin hazırki vəziyyətinin qurbanları olan insanların əsas hüquqlarına dair mühüm məsələdən yayınır, lakin ABŞ administrasiyasının Ermənistan ritorikasına qoşulmamasını yüksək qiymətləndiririk”.

Onun sözlərinə görə, Ağ Evin cavabına əsasən, Azərbaycanla Ermənistan arasında hərtərəfli həll yolu Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən ibarət olmalıdır: ““Şübhəsiz, biz də ən qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını və Ermənistan qoşunlarının geri çəkilməsini istəyirik. Bundan əlavə, ABŞ administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar və işğalçı adlandıran bu ifadə formasını təqdir edirik. Dağlıq Qarabağın gələcək statusuna gəldikdə, qeyd edirik ki, həqiqətən də bir çox Avropa ölkələrində olduğu kimi, yerli muxtariyyət səviyyəsi müəyyən edilə bilər. BMT-nin bir sıra qətnamələrində və AŞPA-nın 2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq Qarabağ işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. ABŞ administrasiyası da beynəlxalq qətnamələrə hörmət etdiyindən, Obama administrasiyası Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən, açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli muxtariyyət səviyyəsini nəzərdə tutur”.

AVCİYA prezidenti əlavə edib ki, Ermənistanın təcavüzkar olması, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə görə humanitar fəlakətin qaçılmaz olması faktları iki aydan artıq müddətdə Ağ Evin rəsmi saytında olub: “İyirmi ildən artıqdır ki, qərəzli beynəlxalq mətbuat tərəfindən yanlış məlumatlandırılan bütün dünyadan olan milyonlarla insan iki aydan artıq vaxtda bu sayta daxil olur. Bütün bu insanlar indi ölkəmizə qarşı törədilmiş ədalətsizlik və vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə edib. Bu səbəbdən bu petisiya ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda olduqca mühüm və əhəmiyyətli fəaliyyətdir. Bu, Azərbaycanın intellektual mübarizədə mühüm qələbəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR