Coğrafiya İnstitutu: Hazırda mövcud sürüşmələr ilk dəfə proqnozlaşdırılan sahələrin cəmi 10-20 faizini əhatə edir

Coğrafiya İnstitutu: Hazırda mövcud sürüşmələr ilk dəfə proqnozlaşdırılan sahələrin cəmi 10-20 faizini əhatə edir
# 03 iyun 2016 15:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda AMEA-nın prezidenti, Geologiya və geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxış edib. A.Əlizadə bildirib ki, Azərbaycan coğrafiya elmində analoqu olmayan "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyanın nəşrində əsas məqsəd ölkə ərazisinin təbii-coğrafi, iqtisadi-coğrafi, ekocoğrafi xüsusiyyətlərini geniş ictimaiyyətə təqdim etməkdir.

İclasda Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə "Azərbaycanın müasir landşaft-geomorfoloji kompleksləri, təbii-dağıdıcı proseslərin onlarda yaratdığı ekocoğrafi risk və təhlükələr" mövzusunda məruzə ilə çıxış edib.

Alim bildirib ki, müasir qlobal iqlim dəyişiklikləri və Yer kürəsində təbii geosistemlərə olan təbii-antropogen təzyiqlər durmadan artır. Bu isə öz növbəsində ekocoğrafi mühitdə əvvəllər müşahidə olunmayan ekodinamiki gərginliklər yaradır. Elbrus Əlizadə ortaya çıxan təhlükələrin qiymətləndirilməsi, baş verə biləcək risklərin proqnozlaşdırılması məqsədi ilə ətraf mühitin müasir dinamiki vəziyyətini tədqiq etməyin, inkişaf trendlərini müəyyənləşdirməyin vacibliyini vurğulayıb.

Məruzəçi ilk dəfə olaraq iri və orta miqyaslı "Azərbaycan Respublikasının müasir landşaftı" və "Azərbaycan Respublikasının geomorfoloji" xəritələrinin hazırlandığını da diqqətə çatdırıb. Elbrus Əlizadə bildirib ki, əldə olunmuş yeni elmi materiallar emal edilərək ölkə ərazisində mövcud olan sel, sürüşmə, morfotektonik, morfometrik gərginliklər müəyyən edilib. Məlum olub ki, təbii dağıdıcı hadisə və proseslərin başvermə tezlikləri artıb, onların əhatə etdikləri ərazilər genişlənib və 10 minlərlə əhalinin yaşadığı 300-dən artıq yaşayış məntəqəsi təhlükəyə məruz qalıb.

Bakı ərazisində sürüşmə prosesinin inkişaf dinamikasının tədqiq edildiyini deyən alim paytaxtın perspektiv inkişaf planı nəzərə alınmaqla sürüşmə-uçqunların potensial yayılma areallarının aşkarlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, hazırda mövcud sürüşmələr ilk dəfə proqnozlaşdırılan sahələrin cəmi 10-20 faizini əhatə edir.

Elbrus Əlizadə bildirib ki, alınan kompleks məlumatlar emal edilərək ölkə ərazisindəki geokomplekslərdə müxtəlif məzmunlu və istiqamətli landşaft-ekoloji qiymətləndirilmələr aparılıb. Baş verən qlobal və regional dəyişikliklər nəzərə alınmaqla gələcəkdə tətbiqi xarakterli antropogen-geomorfoloji, geomorfoloji risk, landşaft-ekoloji, tibbi-landşaft və landşaft-geokimyəvi istiqamətli tədqiqatların genişləndirilməsinin məqsədəuyğun olduğu əsaslandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR