“Sevinc və qürur mənbəyimiz möhtəşəm 17 gün” mövzusunda toplantı keçirilib

“Sevinc və qürur mənbəyimiz möhtəşəm 17 gün” mövzusunda toplantı keçirilib
# 30 iyun 2015 09:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Sevinc və qürur mənbəyimiz möhtəşəm 17 gün” mövzusunda “Bakı-2015 Avropa Oyunlarına Dəstək” Dostluq Qrupunun yekun toplantısı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan I Avropa Oyunları həm də dünya idman hərəkatına böyük töhfələr verib. O deyib ki, qısa zaman ərzində görünməmiş bir sürətlə bu oyunlara hazırlaşmaq və yüksək səviyyədə başa çatdırmaq böyük şücaət tələb edir: “Bunun üçün cənab prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirik. Avropa Oyunlarında qələbə qazanan idmançılarımız xalqımızın yaddaşında hər zaman çox böyük hörmətlə yaşayacaq. Mən əminəm ki, təməli Azərbaycanda qoyulan ilk Avropa Oyunlarının ənənələri formalaşacaq. Bu oyunların keçirilməsi ilə Azərbaycanın nüfuzu beynəlxalq aləmdə xeyli yüksəldi. Ölkəmizin qədim tarixə, böyük intellektə və yüksək mənəvi dəyərlərə sahib olduğunu bir daha gördülər”.

F. Ağamalının sözlərinə görə, çoxları Avropa Oyunlarının Azərbaycanda reallaşdırılmasının çətin olacağını düşünürdü: “Lakin ölkə başçısı özünün idarəçilik təcrübəsinə və prinsipial mövqeyinə söykənərək belə bir vəzifəni üzərinə götürdü. 30 ay ərzində biz həm də yeni idman komplekslərinin istifadəyə verilməsinin şahidi olduq”.

F. Ağamalı qeyd edib ki, Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi məlum olduqdan sonra ölkəyə qarşı ən müxtəlif istiqamətlərdən şər-böhtan kampaniyası başlayıb: “Ancaq bütün bunlara baxmayaraq, ölkəmizdə bu oyunların uğurla başlayıb sona çatmasına heç nə mane olmadı və onların bu çirkin niyyətləri iflasa uğradı. Bizim yaratdığımız qrupun məqsədi də elə bu kampaniyanın qarşısını almaq idi. Gənclərin böyük əksəriyyəti bu işdə fəallıq göstərirdilər. Təsadüfi deyil ki, qrup üzvlərinin sayı 30 minə çatdı. Mən gənclərimizin bu sahədə gördüyü işləri yüksək qiymətləndirirəm və onların hər birinə öz minnətdarlığımı bildirirəm”.

Sonda Avropa Oyunları ilə bağlı müxtəlif fraqmentləri özündə əks etdirən videoçarx nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR