Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi əsasında noyabrın 20-dən etibarən “Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası” layihəsi çərçivəsində dövlət uşaq müəssisələrində hüquqi maarifləndirmə tədbirlərinə başlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, layihə üzrə 10 dövlət uşaq müəssisəsində 18 yaşına çatmaları ilə əlaqədar həmin müəssisələri tərk edərək müstəqil həyata qədəm qoymağa hazırlaşan uşaqların hüquqi məlumatlılığının artırılması üçün maarifləndirici seminarlar təşkil olunacaq. ƏƏSMN-nin və Ombudsman Aparatının mütəxəssislərinin də iştirak edəcəyi seminarlar 10 və 8 nömrəli sanatoriya tipli, 11 nömrəli inteqrasiya tipli, Sumqayıt şəhər orta ümumtəhsil, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli, Xəzər rayon 2 nömrəli və Qaradağ rayon 9 nömrəli xüsusi internat evlərində və digər müəssisələrdə keçiriləcək.
Tədbirlər zamanı uşaqlara malik olduqları hüquqlar sistemi barədə məlumatlar, bu və ya digər xidmətlərdən istifadə ilə bağlı hüquqi məsləhətlər veriləcək. Uşaqlar dövlət sifarişləri üzrə göstərilən sosial xidmətlər, onların bu xidmətlərdən istifadə imkanları haqqında da məlumatlandırılacaqlar. Tədbirlərdə məqsəd dövlət uşaq müəssisələrindən müstəqil həyata qədəm qoyan gənclərin ictimai həyatda fəal iştirakına, özlərinə uğurlu həyat qura bilmələrinə dəstək verməkdir.
Layihənin fəaliyyət istiqamətləri sırasına belə müəssisələri tərk edən şəxslərin dövlət orqanlarında, məhkəmələrdə və digər qurumlarda müdafiəsinin təşkili, lazımi hallarda onlara hüquqi sənədlərin hazırlanmasında, sosial problemlərinin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət edilməsində, peşə reabilitasiyasında və s. köməklik göstərilməsi də daxildir.