Allahşükür Paşazadə: “Bu gün dünyada ən böyük təhlükə dinlərin adından istifadə olunmasıdır”

Allahşükür Paşazadə: “Bu gün dünyada ən böyük təhlükə dinlərin adından istifadə olunmasıdır”
# 29 oktyabr 2015 12:03 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Bu gün din xadimlərini birləşdirən bir qüvvə var. Bu qüvvə yeganə mənbəyə, tək olan Allaha inanmaqdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O, din xadimlərinin məqsəd və amalının yer üzündə olan sülhü qorumaq və bərqərar etməkdən ibarət olduğunu söyləyib: “Bu gün dünyada ən böyük təhlükə dinlərin adından istifadə olunmasıdır. İslam dinini dünyada gözdən salmağa cəhd olunur. Din adı altında insanlar xüsusi işgəncələr verilərək qətlə yetirilir. Din pərdəsi altında insanlar yerlərindən, yurdu-yuvalarından didərgin salınır. Bu nəinki İslam dininə, əslində heç bir dinə uyğun deyil. Ona görə də biz bu gün Moskvada keçirilən “Din və Dünya” beynəlxalq konfransına böyük önəm veririk. Yaxın Şərqdə baş verən hadisələr, din xadimlərinin xaricdən bizim işimizə qarışmaları, cavanlarımızı öyrədərək düzgün olmayan yollara dəvət etmələri bizim üçün qəbuledilməzdir və böyük təhlükədir. Bunun qarşısını birlikdə almalıyıq. Bu vəziyyət Azərbaycan dövləti və xalqı üçün də böyük təhlükə yaradır. Bu istiqamətdə həm din xadimləri, həm dövlət, həm də ictimai xadimlər birgə mübarizə aparmalıdırlar. Bizim əlimizdə silah yoxdur. Bizim silahımız dindir. Cavanları başa salmalıyıq ki, belə vədlərə inanmasınlar. Bunun üçün dini maarifçiliyi aşılamaq lazımdır. Başqa qüvvələrin təsiri altına düşməmələri üçün bu addımları atmaq olduqca vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR