Təhsil naziri İƏT daimi komitəsinin iclasında çıxış edib

Təhsil naziri İƏT daimi komitəsinin iclasında çıxış edib
# 02 iyun 2016 10:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Assambleyasının Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən 15-ci görüşündə iştirak edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirin açılış sessiyasında Pakistanın prezidenti Məmnun Hüseyn, elm və texnologiya naziri Rana Tanvir Hüseyn, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Mədəni, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli əl Mədəni və COMSTECH baş koordinatoru Şaukat Hamid Xan çıxış ediblər. Tədbirdə 50-dən çox ölkənin nümayəndəsi iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov çıxışında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq ölkənin hərtərəfli inkişafında elm və texnologiyanın rolu barədə danışıb. O, Azərbaycanda elm, texnologiya və təhsilin əlaqələndirilməsi, məktəb yaşlarından elmə meylli gənclərin müəyyən edilməsi, Azərbaycanın 40 ali təhsil müəssisəsinin beynəlxalq tədqiqat bazası və nəşrlərinə çıxışını təmin edən “Thomson Reuters” şirkəti ilə imzalanmış müqavilənin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. M. Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti, informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlər, kosmos sənayesində uğurlar və 2013-cü ildə ilk milli peykin orbitə buraxılmasını xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycan COMSTECH Baş Assambleyasının cari görüşünün sədr müavinlərindən biri seçilib. Bu seçimdən sonra M. Cabbarov İƏT və COMSTECH-in ixtisaslaşmış qurumlarının hesabat və təkliflərini təqdim etdikləri plenar iclasa sədrlik edib.

Qeyd edək ki, COMSTECH 1981-ci ildə Məkkədə keçirilmiş İƏT-in üçüncü zirvə görüşündə təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR