Milli Məclis “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna dəyişiklikləri qəbul edib

Milli Məclis “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna dəyişiklikləri qəbul edib
# 01 fevral 2013 14:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna dəyişikliklər müzakirə edilib.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, sənədə əsasən Azərbaycana məxsus mədəni bitki brendləri kənd təsərrüfatı, dərman və bəzək bitki formaları üzrə müəyyən edilir, Azərbaycan xalqının milli sərvəti hesab olunur və qanunla qorunur.

O qeyd edib ki, bu gün Azərbaycanda xalq seleksiyasının yaratdığı qiymətli bitki nümunələri və alimlərin müasir seleksiya sortları xaricdən gətirilən rayonlaşmamış müxtəlif sortlar və hibridlər tərəfindən sıxışdırılaraq sıradan çıxarılır: “Bunlardan buğdanın qaraqılçıq, sarı buğda, arpanın dağ arpası, ağ arpa, qara arpa, qarğıdalının Zaqatala, Xocalı, Tovuz, çəltiyin ənbəri, sədri sortları, Sabirabad qarpızı, ağ Quba alması, Abşeron şanıları, habelə onlarla qiymətli brend bitkiləri misal çəkmək olar. Hazırda Azərbaycanda Bitki Genetik Ehtiyatları üzrə Mərkəzi Məlumat Bazasında qeydiyyata alınmış 2200-dən çox yerli ənənəvi bitki sortlarının böyük bir qismi tamamilə itib, qalan hissəsi isə kənd təsərrüfatı elmi-tədqiqat institutlarında əlverişsiz şəraitdə saxlanılır. Eyni zamanda sırf Azərbaycan xalqına məxsus bəzi bitki sortları üzdəniraq qonşularımız tərəfindən mənimsənilir. Məhz buna görə də bu sənədlə Azərbaycan xalqına məxsus bitki sortlarının qorunması məsələsi ciddiləşdirilir”.

Sənədin müzakirəsi zamanı deputat Aytən Mustafayeva endemik bitki məsələsinə toxunub və qarpızı buna nümunə çəkərək deyib ki, ancaq Azərbaycana məxsusdur. O həmçinin deyib ki, Zirə pomidoru, Gədəbəy kartofu sortlarının qorunması hazırda ciddi məsələdir: “Prezident İlham Əliyev Zirəyə getmişdi. Orada pomidor kolu adamdan hündür idi, genetik modifikasiyaya məruz qalmış sort idi. Zirə pomidoru kimi qiymətli sortlarınkənardan gətirilən belə sortlarla sıradan çıxarmağa yol vermək olmaz”. Spiker Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, qarpız Azərbaycanda və başqa yerdə də yetişdirilir: “Endemik ona görə deyilir ki, şamama, Sabirabad qarpızı ancaq Azərbaycanda yetişdirilir. Ancaq bu o demək deyil ki, qarpızı təkcə Sabirabadda yetişdirmək olar. Bu qanun qarpızı Azərbaycanın başqa yerlərində yetişdirilməsinə qadağa qoymur”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. İclasda buna müvafiq olaraq “Seleksiya nailiyyətləri haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” qanunlara da dəyişikliklər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR