Bakıda qeyri-ənənəvi əmtəə nişanlarının mühafizəsi ilə bağlı regional seminar keçirilib - FOTO

Bakıda qeyri-ənənəvi əmtəə nişanlarının mühafizəsi ilə bağlı regional seminar keçirilib - <span style="color: red;">FOTO
# 10 aprel 2015 15:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Aprelin 9-10-da Bakıda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı ilə “Qeyri-ənənəvi əmtəə nişanlarının mühafizəsi. Cari vəziyyət və problemlər” mövzusunda regional seminar keçirilib.

SMPDK-dan “APA-Economics”ə verilən məlumata görə, seminarda çıxış edən komitənin Aparat rəhbəri Elçin Quliyev ölkəmizdə son illərdə xüsusi ilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətlə bərqərar olmasına xidmət edir.

Əmtəə nişanlarının bir əqli mülkiyyət obyekti kimi sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amil olduğunu qeyd edən Aparat rəhbəri müasir dövrdə artıq əmtəə nişanlarının növlərində də yeniliklərin ortaya çıxdığını qeyd edib. Belə ki, dünya bazarında artıq qoxu, səs (melodiya), multimedia və sairə yeni xüsusiyyətlərə malik əmtəə nişanlarının istifadəsi halları məlumdur. Bu tendensiya öz növbəsində yeni növ əmtəə nişanları üzərində hüquqların qorunması mexanizmlərinin yaradılmasını, bu sahədə çalışan mütəxəssislərin hazırlığının təmin olunmasını şərtləndirir.

ÜƏMT-nin Keçid və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri bölməsinin müdiri xanım Tlevlessova növbəti dəfə Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizdə aparılan islahatlardan razılıq bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. I Avropa idman oyunlarının Bakıda keçirilməsi buna əyani sübutdur. Xanim Tlevlessovanın sözlərinə görə, Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzvdür və əqli mülkiyyət hüquqlarının təminatına xidmət edən bir çox saziş və müqavilələrinə qoşulub. Bu müddət ərzində ÜƏMT ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirilib. Azərbaycan bu layihələrin hər zaman uğurlu icraçısı kimi yadda qalıb. ÜƏMT-nin bölmə müdiri qurulmuş əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra seminar mövzular üzrə davam etdirilib. ÜƏMT-nin Brendlər və dizaynlar sektorunun bölmə müdiri Marta Parra Fridli “Əmtəə nişanlarının mühafizəsi: Daima genişlənən dünya. Qeyri-ənənəvi əmtəə nişanları sahəsində iddia sənədlərinə dair ayrıca prinsiplərin yaradılmasına ehtiyac varmı?”, Hollandiyanın “Akzo Nobel N.V” təşkilatının əqli mülkiyyət üzrə baş məsləhətçisi Diana Verstiq “Qeyri-ənənəvi əmtəə nişanların ekspertizası. Əmtəə nişanları prinsiplərinin tətbiq olunması: Fərqlilik, nişanların mövcudluğu, digər əqli mülkiyyət hüquqları ilə mümkün ziddiyyətlər” mövzularında məruzələr ediblər.

Seminarda qeyri-ənənəvi əmtəə nişanları, bu sahədə iddia sənədlərinə dair ayrıca prinsiplərin yaradılması, qeyri-ənənəvi əmtəə nişanlarının ekspertizası, onların mühafizəsi üzrə ən son problemlər, bu sahədə Avropa və ABŞ təcrübəsi, qeyri-ənənəvi əmtəə nişanlarının təmsil olunması üçün yeni qaydaların yaradılması, həmçinin qeyri-ənənəvi əmtəə nişanları üzrə iddia sənədlərinə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanda münasibət və s. bu kimi məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR