Azərbaycanın ən iri mobil rabitə operatorunun aktivləri azalıb

Azərbaycanın ən iri mobil rabitə operatorunun aktivləri azalıb
# 12 mart 2013 13:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkətinin vergi ödənilənədək mənfəəti əvvəlki ilə nisbətən 15,5% artaraq 167,399 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə şirkətin dərc etdiyi maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, 2012-ci ildə «Azercell»in əməliyyat mənfəəti 2011-ci illə müqayisədə 15,1% artıb və 165,692 mln. manat təşkil edib. Şirkətin ötən il gəlirləri 426,561 mln. manat, xərcləri isə 260,869 mln. manat təşkil edib. Əvvəlki ilə nisbətən «Azercell»in gəlirləri 2,5% artıb, xərcləri isə 4,1% azalıb.

Bununla yanaşı, hesabat ilində şirkətin cəmi aktivlərinin həcmi 493,018 mln. manat, o cümlədən cari aktivlər 134,535 mln. manat, uzunmüddətli aktivlər isə 358,483 mln. manat təşkil edib. Əvvəlki illə müqayisədə aktivlərin həcmi 9,3%, o cümlədən uzunmüddətli aktivlərin həcmi 19,2% azalıb, cari aktivlərin həcmi isə 34,5% artıb. Aktivlərin tərkib hissəsi olan əsas vəsaitlərin həcmi 317,842 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 9,6% azdır.

«Azercell»in öhdəliklərinə gəldikdə, 2012-ci ildə cəmi öhdəliklərin həcmi əvvəlki ilə nisbətən 41% artaraq 94,219 mln. manat, o cümlədən cari öhdəliklərin həcmi 40,2% artaraq 82,296 mln. manat, uzunmüddətli öhdəliklərin həcmi isə 46,7% artaraq 11,923 mln. manat təşkil edib.

Ötən il şirkətin kapitalı 16,4% azalaraq 398,799 mln. manat, o cümlədən bölüşdürülməmiş mənfəətin həcmi 18% azalaraq 356,719 mln. manat, nizamnamə kapitalı isə sabit qalaraq 42,080 mln. manat təşkil edib.

Qeyd edək ki, «Azercell Telekom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 4,4 mln. abunəçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR