“Azərbaycan Dəmir Yolları” Xaçmaz stansiyasında obyekt mülki müdafiə məşqi keçirib

“Azərbaycan Dəmir Yolları” Xaçmaz stansiyasında obyekt mülki müdafiə məşqi keçirib
# 18 noyabr 2014 08:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Xaçmaz dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti mülki müdafiə məşqi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bununla əlaqədar olaraq Xaçmaz dəmir yol stansiyasının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu və qeyri dəmir yolu müəssisələrinin işçiləri məşqə cəlb olunub.

Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsidir.

“Azərbaycan Dəmir Yolları” QSC Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən məşqdə stansiyanın ərazisində yerləşən obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, müki müdafiə qüvvələri iştirak ediblər.

Xaçmaz stansiyasında keçirilən obyekt məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplanıblar. Obyekt rəhbəri, Xaçmaz stansiyasının rəisi Xankişi Zeynalov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində inzibati binada yanğın, tək boğazda 40 metr dəmir yolu dağılıb, rels çərçivələri yararsız hala düşüb, yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Mülki Müdafiə (MM) qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərlənib və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Kəşfiyyat manqası əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə edib. Yanğından mühafizə qatarı və xilasetmə manqaları əraziyə daxil olub, işçilər inzibati binadan təxliyə olunub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılar ərazidən kənarlaşdırılıb. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparılıblar. Bərpa manqası, əraziyə yaxınlaşaraq bərpa işlərinə başlayıb.

Məşqdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR