Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı yeni mexanizmə ehtiyac var idi

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı yeni mexanizmə ehtiyac var idi
# 03 may 2024 18:37 (UTC +04:00)

Azərbaycanda Tarif Şurasının qərarı ilə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib.

İqtisadçı-ekspert Eldəniz Əmirov “APA-Economics”ə açıqlamasında yeni tariflərin tətbiqinə ehtiyac yarandığını deyib:

“İstər elektrik, istərsə də qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı neqativ təsirlərin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqinə ehtiyac var idi. Təcrübə göstərir ki, yerlərdə podratçıların sifarişçilərə münasibəti birmənalı deyil. Müəyyən hallarda fərqli yanaşmalar, qiymət diqtəsi, sui-istifadə hallarına yol verilirdi və qeyri-şəffaflıq var idi. Yeni mexanizm proseslərin diferensial formada, individual olaraq tənzimlənməsinə imkan verir”.

E.Əmirov müəyyən edilən qiymətlərin qənaətbəxş olduğunu bildirib:

“Bu qərarla ərazi planlaşdırmasına dair sənədləri təsdiq edilmiş ərazilərə görə 271 manat, sənədsiz ərazilərə görə 160 manat məbləğ müəyyən edilib. Elektrik şəbəkəsinə qoşulmağa gəlincə də, Azərbaycanda əhalinin böyük hissəsi bir fazlı təchizat üzrə 10 kilovatdan aşağı elektrik istidadə edir. Bu istiqamətdə isə 40 manat ödəniş müəyyən edilib. Tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir. İndiki məqamda 3 fazlı təchizat və aşağı gərginlik üzrə ödəniş məbləği 293 manata qaldırılıb, amma əhali üçün 40 manat ödəniş təyin edilib. Bu, göstərici kifayət qədər yaxşıdır. Nəzərə alaq ki, bu göstərici təkcə sağlamlıq kağızının alınması üçün verilən ödəniş qədərdir. Yalnız 10 kilovatdan yuxarı enerji şəbəkəsinə qoşulanlar üçün 60 manat ödəniş olacaq ki, bu da çox deyil”.

Ekspertin sözlərinə görə, bu sənədi podratçılarla sifarişçilər arasında münasibəti tənzimləyən bir protokol forması olaraq da düşünmək olar:

“Amma hələ uzun müddət yerlərdə bu proseslərin icrasına nəzarət edilməsinə ehtiyac var. Çünki sahibkar və digər kateqoriyadan olan insanlar bilsə də, ayrı-ayrı vətəndaşlar böyük ehtimal ki, Tarif Şurasının bu yeniliyindən xəbərdar olmayacaqlar. Buna görə də mütləq həm qazpaylayıcı, həm də elektrik paylayıcı şəbəkə üzrə nəzarət mexanizmini uzun müddət işlək formada saxlamaq lazımdır ki, sui-istifadə halları olmasın və bu sənəd tamlığı ilə icra edilsin”.

Qeyd edək ki, Tarif Şurasının yeni qərarına əsasən, Azərbaycanda elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt, 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt, 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt, orta gərginlik üzrə 170 manat/kVt olacaq. Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri isə ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat, Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR