MMC rəhbəri: “Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin sifarişi üzrə 15000 nəfər sürücü və 253 nəfər aşpaz mütəxəssis hazırlanıb”

MMC rəhbəri: “Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin sifarişi üzrə 15000 nəfər sürücü və 253 nəfər aşpaz mütəxəssis hazırlanıb”
# 11 iyul 2014 09:41 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda kinoloq, paraşütçü, kəşfiyyatçı və çağırışçılar arasında snayperlərin hazırlanması üçün sənədlər tərtib edilib. APA-nın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin 2 illik fəaliyyətinə həsr olunmuş iclasda cəmiyyətin sədri Şahvələd Əliyev deyib.

Ş. Əliyev bildirib ki, cəmiyyətin filiallarında vətəndaşların texniki hazırlığı ilə yanaşı, 53 filialda Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr üçün 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığı həyata keçirilir: “Ordunun sürücü mütəxəssislərə olan tələbatının böyük hissəsi cəmiyyətimiz tərəfindən təmin olunur. Bundan əlavə, sifariş əsasında ordu üçün aşpaz ixtisası üzrə mütəxəssislər hazırlanır. Aşpaz kursları cəmiyyətin Sabunçu, Xaçmaz rayon və Sumqayıt şəhər 1 nömrəli filiallarında həyata keçirilir. Növbəti mərhələdə sifarişdən asılı olaraq bu kursların Yevlax, Mingəçevir, Gəncə şəhər, eyni zamanda Balakən və Tovuz rayonlarında da təşkil edilməsi nəzərdə tutulur”.

Ş. Əliyev MMC tərəfindən Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin sifarişi üzrə 15000 nəfər “B” və “C” kateqoriyalı sürücü, 253 nəfər aşpaz mütəxəssisin hazırlandığını söyləyib. Bundan başqa, təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 82620 nəfər müxtəlif kateqoriyalar üzrə sürücü, 154 nəfər həvəskar paraşütçü hazırlanıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR