Yanvar-iyul aylarında “Şahdəniz” yatağından 4,75 mlrd. kubmetr qaz və 1,12 mln. ton kondensat hasil edilib

Yanvar-iyul aylarında “Şahdəniz” yatağından 4,75 mlrd. kubmetr qaz və 1,12 mln. ton kondensat hasil edilib
# 15 avqust 2014 13:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci yarısında “Şahdəniz” yatağı Azərbaycan (ARDNŞ-ə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ-a və BTC şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib.

“Şahdəniz” yatağının operatoru olan BP-Azərbaycan şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci altı ayı ərzində yataqdan 4,75 mlrd. kubmetr qaz və 1,12 mln. ton (təqribən 9 mln. barel) kondensat və ya gündəlik təxminən 26,2 mln. kubmetr qaz və 49 757 barel kondensat hasil edilib.

Bu ilin birinci altı ayı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 243 mln. ABŞ dolları əməliyyat xərcləri və 1,766 mırd. dollardan çox əsaslı xərclər çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 483 mln. dollar və 3,781 mlrd. olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə, o cümlədən dənizdəki işlənmələr və “Səngəçal” terminalının genişləndirilməsinə aiddir.

2006-cı ilin sonlarında “Şahdəniz”də hasilat başlanandan bu ilin ikinci rübünün sonunadək yataqdan bazarlara təqribən 52,7 mlrd. kubmetr qaz və 13,6 mln. tondan çox (108,5 mln. barel) kondensat ixrac edilib. 2013-cü ildə mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində “Şahdəniz” hasilat sisteminin gündəlik maksimum gücü 966 mln. standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsinə qaldırılıb. “Şahdəniz” tərəfdaşları bu ilin axırına qədər hasilat gücünün təxminən 1,040 mlrd. standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırıb.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları BP (operator – 28,8%), ARDNŞ (16,7%), “Statoil” (15,5%), “Total” (10%), “Lukoil” (10%), “Niko” (10%), və TPAO (9%) təşkil edir. Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir. “Total” “Şahdəniz”dəki 10% iştirak payını TPAO-ya satmağa razılaşıb, hazırda hər iki şirkət bu əməliyyatı yekunlaşdırmaq üzrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR