AXCP və Müsavat üzvləri arasında mübahisə yaranıb

AXCP və Müsavat üzvləri arasında mübahisə yaranıb
# 23 sentyabr 2015 09:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Partiya qurultaylarında seçkilərin gizli səsvermə yolu ilə keçirilməsi məsələsində Müsavat və AXCP funksionerləri arasında mübahisə yaranıb.


APA-nın məlumatına görə, AXCP Ali Məclisinin üzvü Kərim Mehdiyev sosial şəbəkədə bildirib ki, AXCP-də Ali Məclisin sərbəst üzvləri və Rəyasət Heyəti hər zaman gizli səsvermə ilə seçilib, sədr seçkiləri isə açıq səsvermə ilə olub: “Buna da qurultay qərar verib. Əbülfəz Elçibəyin sədr olduğu vaxtda da belə olub. Əbülfəz Elçibəy də demokrat deyildi? Avtoritarizmə meylli idi?..”

K. Mehdiyev müsavatçılara müraciət edərək deyib ki, Müsavatın sabiq başqanı İsa Qəmbər 22 il partiya sədri olub, bütün seçkilər də alternativsiz və açıq səsvermə ilə keçirilib: “İsa bəyin başqanlığı dövründə başqan seçkiləri açıq səsvermə yolu keçirilib. Sonuncu seçkilər isə gizli səsvermə ilə keçirildi. Bəs sizlər niyə nəticə çıxarmadınız, Ədliyyə Nazirliyinə sizin son qurultayınızın qərarlarının qeyri-legitim olduğu barədə müraciət edildi. Biz heç kimə şans vermərik ki, bizə qarşı təxribat həyata keçirsin”.

Bu fikirlər Müsavat üzvlərinin narazılığına səbəb olub. Müsavat başqanının müavini Vəfa Cümşüdlü APA-ya açıqlamasında deyib ki, Müsavatda indiyədək bütün strukturlara seçkilər gizli səsvermə yolu ilə keçirilib: “Müsavat Partiyası yeganə partiyadır ki, öz strukturlarına bütün seçkilər gizli səsvermə yolu ilə keçirilib və biz bunu hər zaman bəyan etmişik. İsa Qəmbər heç vaxt açıq səsvermə yolu ilə seçilməyib”.

Xatırladaq ki, AXCP-nin qurultayı sentyabrın 27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR