Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Əl-Tüveycri Azərbaycanın İSESCO çərçivəsində fəaliyyətini, habelə təşkilatın məqsəd və məramlarının həyata keçirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.
O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq təcrübəsinin dünya üçün örnək olduğunu diqqətə çatdırıb.
I Bakı Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən qonaq oyunların açılış mərasimində iştirak edəcəyindən şərəf duyduğunu bildirib.
E. Məmmədyarov isə islam dünyasında həmrəyliyin gücləndirilməsinin vacibliyini önə çəkib, habelə İslam Əməkdaşlıq Təşkilatı ilə İSESCO-nun islam dünyasının üzləşdiyi məsələlərin müzakirəsi və həll yollarının tapılması üçün vacib platforma olduğunu vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan-İSESCO əməkdaşlığına dair məsələlər müzakirə olunub.