Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycan mədəniyyətini əks etdirən sərgi keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycan mədəniyyətini əks etdirən sərgi keçiriləcək
# 04 may 2015 13:38 (UTC +04:00)

Bakı-APA. Mayın 4-də Parisdə UNESCO-nun iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan: ənənədən müasirliyə” adlı sərgi açılacaq.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, şəhər sakinləri və qonaqlara layihə çərçivəsində üç sərgi təqdim olunacaq: “Azərbaycan: ənənədən gələcəyə”, “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş sərgi və “Azərbaycan müasir incəsənəti” sərgisi.

Sərgi təşkil olunmasına dair rəsmi mərasim isə “Muzeylər gecəsi” ərəfəsində - mayın 13-də keçiriləcək. Tədbirdə Azərbaycanın gənc caz musiqiçilərinin – Şahin Növrəslinin qrupunun konserti də təqdim olunacaq.

“Azərbaycan: ənənədən gələcəyə” ekspoziyasında ölkədə tapılan arxeoloji nümunələr, qədim dövr və orta əsrlərdə Azərbaycanda dövriyyədə istifadə olunan pul sikkələri, zərgərlik nümunələri, mis qablar, milli musiqi alətləri, geyimlər, tikmələr və xalça məmulatları göstəriləcək.

“Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş sərgidə isə ölkəmizin tanınmış heykəltəraşları ilə birlikdə gənc istedadların yarışların keçiriləcəyi 20 idman növü üzrə hazırladıqları kiçik bürünc heykəllər nümayiş etdiriləcək.

“Azərbaycan müasir incəsənəti” sərgisində görkəmli rəssamların əsərləri sərgilənəcək. Burada Əşrəf Murad, Rasim Babayev, Toğrul Nərimanbəyov, Darvin Vəlibəyov, Məmməd Kərim Quliyev, Altay Sadıqzadən, Sabir Çopuroğlu, Elyar Əlimirzəyev, Müseyib Əmirov, Niyaz Nəcəfov, Orxan Hüseynov və Faiq Əhmədin rəsmləri, Leyla Əliyeva, Kənan Əliyev, Əhəd Məmmədov və Nurlan Məmmədovun heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək.

Mayın 6-da isə YUNESKO-nun iqamətgahında Qarabağ atları və YUNESKO-nin qeyri-maddi mədəni irs siyahısına salınan çövkən oyununa həsr edilmiş sərginin açılışı, həmçinin fransız yazıçı Jan Lui Quronun (Jean-Louis Gouraud) “Qarabağ atları” (“Le cheval Karabakh”) kitabının təqdimatı keçiriləcək.

Qeyd edək ki, hər il olduğu kimi bu il də Avropada mayın 16-da “Muzeylər gecəsi” keçiriləcək. Həmin gün Avropanın əksər muzeylərində giriş pulsuz olur. Paris sakinləri və şəhərin qonaqları bu çərçivədə YUNESKO-da təqdim olunan “Azərbaycan: ənənədən müasirliyə” sərgisi ilə sərbəst girişlə tanış ola biləcəklər.

“Azərbaycan: ənənədən müasirliyə” sərgisi mayın 20-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR