Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlığa dair memorandum imzalanıb
# 12 aprel 2015 00:44 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Gəncədə fəaliyyət göstərən “Odlar Yurdu” İctimai Birliyinin və Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin təşkilatçılığı ilə "Azərbaycan və Gürcüstan gəncləri ötən gün və sabah" mövzusunda görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdən öncə gənclər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət ediblər. Sonra tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində davam edib. Tədbiri giriş sözü ilə açan AMM-nin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva görüşün məqsədi barədə iştirakçılara məlumat verərək gələcəkdə Azərbaycan-Gürcüstan gəncləri arasında dostluğun, marifləndirmə təbliğatının genişləndirilməsi ilə bağlı əməkdaşlığa aid layihələr həyata keçiriləcəyini bildirib.

“Əsas məqsədimiz Gürcüstan gəncliyinin inkişafı istiqamətində layihələr həyata keçirməklə yanaşı, Azərbaycan mədəniyyətini, tarixini, onun siyasi-iqtisadi həyatında əldə edilən böyük uğurları Gürcüstanda mütəmadi olaraq təbliğ etməkdir. Ümüd edirəm ki, əməkdaşlığımız uğurlu nəticələr verəcək,” deyə Odlar Yurdu İctimai Birliyinin sədri N. Ələsgərova çıxışında bildirib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilən görüşə Azərbaycandan gələn 20 nəfər gənc qatılıb. Görüş çərçivəsində Gürcüstanda yaşayan azərbaycanlı tələbə-gənclər Odlar Yurdu İctimai Birliyinin üzvləri ilə fikir mübadiləsi apararaq təkliflər irəli sürüblər. Səslənən təkliflər arasında sosial problemlərin həlli istiqamətində müəyyən addımların atılması, Gürcüstan azərbaycanlıları arasında könüllülük məktəbinin inkişafı, gənclərin maarifləndirilməsi və digər məsələlər barədə daha çox fikirlər səsləndirilib.

Tədbirdə Azərbaycan və Gürcüstan gəncliyi arasında körpü rolunu oynayacaq iki təşkilat arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova və AMM-in Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva imzalayıb.

Görüşün sonunda Azərbaycandan gələn gənclər Tiflisin görməli yerlərini gəziblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR