Səfir: “Qəbələ və Qyonqcu şəhərləri arasında qardaşlaşma haqqında sənəd imzalanacaq”

Səfir: “Qəbələ və Qyonqcu şəhərləri arasında qardaşlaşma haqqında sənəd imzalanacaq”
# 17 avqust 2015 10:58 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn Qəbələdə jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Mədəniyyət Fondunun, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA), Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 6-dan avqustun 15-dək keçirilən “Azərbaycanda Koreya Kinosu Festivalı” çərçivəsində nümayiş olunan filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaratdığına inandığını söyləyən səfir, kino mədəniyyətinin inkişafı və təbliği üçün bu cür festivalların keçirilməsinin vacibliyini vurğulayıb: “Festival Azərbaycan tamaşaçılarına Koreya mədəniyyəti və insanları ilə daha yaxından tanışlıq imkanı yaradıb, eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirilməsində mühüm rol oynayıb. Mədəni irsin və milli şüurun formalaşmasında, gənc nəslin inkişafında bu cür tədbirlər böyük əhəmiyyət kəsb edir”.

Diplomat Koreya ilə Qəbələnin çox sıx əlaqələrinin olduğunu bildirib: “Mən bir neçə dəfə Qəbələdə olmuşam və burada özümü evimdəki kimi rahat hiss edirəm. Qəbələnin koreyalılar üçün xüsusi əhəmiyyəti var. Bu qədim məkan koreyalılar üçün yaxşı tanış olan bir şəhərdir. İndiyədək Qəbələdə keçirilən beynəlxalq rəsm sərgilərində, beynəlxalq musiqi festivallarında koreyalı rəssam və musiqiçilər də iştirak ediblər. Hal-hazırda isə SEBA-nın dəstəyi ilə koreyalı arxeoloqlar Qafqaz Albaniyasının 900 il paytaxtı olan qədim Qəbələ şəhərinin ərazisində qazıntı və tədqiqat işləri aparırlar”.

Çoi Suk-İn yaxın vaxtlarda Qəbələ rayon İcra Hakimiyyəti rəhbərliyinin Koreya Respublikasına səfər edəcəyini, Qəbələ və Qyonqcu şəhərləri arasında qardaşlaşma haqqında sənəd imzalanacağını diqqətə çatdırıb: “Bu il avqustun 21-dən oktyabrın 18-dək Koreya Respublikasının Qyonqcu şəhərində "Qyonqcu İpək Yolu" adlı festival keçiriləcək. Festival zamanı avqustun 25-dən 30-dək həmin şəhərdə Azərbaycan Günləri təşkil olunacaq. Bununla bağlı Azərbaycan Dövlət Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblının, bir pianoçu və iki opera müğənnisinin, Qəbələ şəhərindən incəsənət işçilərinin Koreyaya yola düşəcəyi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR