AMEA-nın strukturunda qismən dəyişiklik edilib

AMEA-nın strukturunda qismən dəyişiklik edilib
# 29 aprel 2015 12:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında akademiyanın strukturuna qismən dəyişiklik edilib.

APA-nın xəbərinə görə, AMEA prezidenti Akif Əlizadə deyib ki, AMEA-nın nizamnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli üçün humanitar və ictimai elmlər bölməsi – 2 ayrı-ayrı bölmələrə Humanitar elmlər Bölməsi və İctimai Elmlər Bölməsinə ayrılıb.

Onun sözlərinə görə, iclasda adıçəkilən bölmələrin tərkibi müəyyənləşdirilib: “Belə ki, Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, Konfliktologiya və İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutları, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilib”.

İclasın davamında AMEA-nın Quba Regional Mərkəzinin yaradılması məsələsinə baxılıb. Rəyasət Heyətinin bu barədə vəsatətini nəzərə alaraq mərkəzin yaradılması haqqında qərar qəbul edilib. Qeyd olunub ki, AMEA-nın Quba Regional Mərkəzinin yaradılmasında məqsəd bu bölgədə elmi tədqiqat fəaliyyətini gücləndirmək və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də şimal bölgəsinin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaqdır. Akademiyanın özünün ştat vahidi və maliyyəsi çərçivəsində lazımi yardım göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR